İSLAMA QƏDƏR ÖN ASİYADA QURULAN TÜRK DÖVLƏTLƏRİ
Prof.Dr.Firudin Ağasıoğlu Celilov - Bakü
Bu başlıq altında sıralanan türk dövlətlərini yarandığı coğrafi əraziyə görə iki yarımbaşlıq altında vermək olardı:
1) İslamaqədər Anadolu və İkiçayarasında qurulan türk dövlətləri;
2) İslamaqədər Azərbaycanda qurulan türk dövlətləri.
Belə başlıqlar qədim türk dövlət qurumlarının elmi sistemlə öyrənilməsi, özəlliklə Anadoluda İslamöncəsi türk bölgə və bəyliklərinin tarixi baxımından gərəklidir. Çünki bu bəyliklər təkcə Orta Asiyadan gələn 40-50 min ailə ilə qurulmamışdı, onlara yardım edən yerli xalqlar vardı. Onların çoxu Bizans dönəmində xristian olmuş qaşqay, subar, urum, matien-ermən, kuman, qamər və sair adlarla bəlli idi və m. ö. III minildən üzübəri tarixi qaynaqların Anadoluda qeyd etdiyi bu türk boyları «göydən düşmə» və ya Altaydan gəlmə mifik «köçərilər» deyil, prototürk çağından Azərbaycanı, İkiçayarasını, Doğu və Güney-Doğu Anadolunu əhatə edən Atayurdda qalmış türklər idilər. (1) Bu səbəbdən, həmin boylara aid dövlət qurumlarını Ön Asiya başlığı altında vermək daha münasibdir. (2)
Türk dövlətləri haqqında aşağıda verilən bilgi əhatəli olmasa da, indiyə kimi tədqiq olunmuş arxeoloji abidələrin və oxunmuş qədim yazılı qaynaqların verə biləcəyi bilgi qədərdir. Bu səbəbdən, bəzi dövlətlər haqqında məlumat qısa, bəziləri haqqında isə nisbətən geniş alınmışdır. Bu dövlətlərin etnik əsası elmi ədəbiyatda indiyəcən ya təhrif edilmiş, ya da üzərindən sükutla keçilmişdir. İmkan daxilində etnik mənsubiyəti göstərən dil bəlgələrinin müqayisəli təhlilinə, sonrakı türk xalqlarının dilində onların davam etdiyini sərgiləyən bəzi əlavə bəlgələrə də burada yer verilmişdir. Ən qədim türk dövlətlərinin yarandığı ərazilərdə mövcud olmuş arxeoloji kulturlar haqqında I Bitikdə məlumat verildiyi üçün burada yalnız hər bir konkret dövlətin coğrafiyası üçün xarakterik olan arxeoloji kulturun bəzi özəllikləri ötəri xatırlanır.
Prototürk Atayurdunun Güney Qafqaz bölgələri paleolit çağı yaşayış məskənləri ilə daha çox önəm daşıyırdı, lakin ilk dövlət qurumları onun batı və güney-batı bölgələrində yarandı. Ona görə də Ön Asiyanın sosial, iqtisadi durumu, mədəniyəti fonunda 8-10 minil öncə əkinçi-heyvandar təsərrüfatın yayıldığı Güney-Doğu Anadolu, Batı Azərbaycan və İkiçayarası bölgələrindəki arxeoloji kulturları diqqətə almaq lazım gəlir:
Mütəxəssislərin tərtib etdiyi bu xəritədən göründüyü kimi, Aralıqdənizi yaxaları boyunca Çatalhöyük-İerixon arasında formalaşan qədim əkinçi-heyvandar kulturu Türk Atayurdunun sınırı dışında qalır, lakin İkiçayarasından Dərbəndə qədər uzanan sahələr bu sınırın içindədir. Kərkük bölgəsində yaranıb, m.ö.VII-VI minillərdə ətraf bölgələrə yayılan Carmo kulturu Zaqros dağlarında qut və lulu boylarının ulu əcdadları sayılan və əsasən heyvadarlıqla məşgul olan prototürk boylarına aid idi:
Daş özül üzərində çiy kərpiçdən tikilmiş, ağac qapılı evləri olan bu kulturun buluntuları təkcə Carmoda deyil, Şimşar, Sorabtəpə, Qurantəpə və sair abidələrdə aşkar edilmişdir. Mosul bölgəsindən Elam sınırına qədər uzanan Carmo kulturunun daşıyıcıları dəmyə əkinçiliyi ilə də məşğul olub, mərcimək və arpa əkirdilər. (3)
Dağlıq yerlərdən Dəclə yaxalarına enib sonralar «çay adamı» adı ilə tanınan subar boyları keçiqoyun saxlamaqla yanaşı, əkinçiliyə daha çox üstünlük verir, tədricən şəhərləşmə yaşamına keçirdilər. Heyvandar-əkinçi boyların İkiçayarasında məskunlaşması olayı öncə quzey bölgələri əhatə edirdi. Əvvəllər Bağdaddan aşağı bataqlıq olan ərazilər isə yaşayış məskəninə sonralar çevrilsə də, burada şəhərləşmə sürətlə inkişaf etdi; möhtəşəm məbədlər tikildi, şəhərlər salındı, süni suvarma arxları çəkildi. Artıq m.ö. III minillikdə İkiçayarasının quzeyi güneydəki şəhərləşmə mədəniyətdən xeyli geri qalırdı. (4)
Beləliklə, m.ö.VI-IV minillər arasında əkinçi-heyvandar boyların məskəninə çevrilən İkiçayarasının quzeyində öncə Xasun və Xalaf, sonralar Ubeyd kulturunun quzey variantı yarandı. Ubeyd kulturunun Urmu gölü yaxalarına uzanması arxeologiyada (Püştəlitəpə, Göytəpə) sübut olunmuşdur. (5) Mosulun güneyində m.ö. 5800-cü illərdə formalaşan Xasun kulturu daha geniş ərazilərə yayılaraq, yuxarıda Diyarbakırın batısına keçir, aşağıda isə Bağdada qədər uzanıb Dəclədən doğudakı bölgələri də əhatə edirdi: (6) Vaxtilə, A. L. Perkins bu kulturun Sincar və Cəzirə yaylalarında mövcud olduğunu yazırdı. (7) Rus-İraq arxeoloqlarının bu bölgədə birgə üzə çıxardıqları I, II və III Yarımtəpə kompleks abidələri həmin fikri bir daha təsdiq etdi. Burada geniş tədqiqatla qiymətli bilgi əldə edən rus arxeoloqları yazır: «Xasun kulturu İkiçayarasının quzeyində aktiv inkışafda olmuş qədim istehsalçı təsərrüfat üzərində yaranmışdır». (8)
Əkinçi-heyvandar Carmo kulturu üzərində formalaşan və bükülü ölübasdırma gələnəyini davam etdirən Xasun kulturu çağında yardımçı və yaşayış tikililəri, təsərrüfat və bəzək əşyaları, alətlər, keramika xeyli təkmilləşdi. İctimai münasibətlərdə yeni çalarlar yarandı və bu çağda prototürk dili və dialektləri yüksək inkişaf mərhələsini yaşadı. Boyalı qablar daha bəzəkli çeşidlə hazırlandı. Xasun kulturunun lokal variantı kimi Samara qablarında gözəl naxışlı dönərgə simvolu hərəkət dinamıkasının stilizə olunmuş dörd heyvan fiqurunda aydın görünür:
Dəclə çayının doğu yaxalarında subar boylarının ərsəyə gətirdiyi bu kultur, güneydə Samara və Savana şəhərləri İkiçayarasının güney Ubeyd kulturunun yaranmasına böyük təsir etmişdir. İkiçayarasının quzeyindəki Xasun kulturu VI-V min illərin qovuşuğunda Xalaf kulturu ilə əvəzlənir. Bu əvəzlənməni təkmilləşmə ilə bağlayan mütəxəssislər qeyd edir ki, I Yarımtəpə abidəsi VI minilin Xasun kulturunu əks etdirirsə, artıq II Yarımtəpə (4710 ± 40 il) abidəsində Xalaf kulturu sərgilənir. (9)
Xalaf kulturu çağında prototürk dili artıq inkişaf zirvəsinə çatmışdı. İkiçayarasının quzey bölgələrinə yayılan Xalaf kulturunun Van gölünün yaxalarına uzanması Tilkitəpə abidəsində aydın görünür. Üzərində maral, xallı bars, öküz başı, quş, balıq şəkilləri olan qabları ilə seçilən bu kulturun ilk yaranma ocağı Arpaçı abidəsi sayılır. Arxeoloqların tərtib etdiyi bu şəkildə keramikada istifadə olunan boyalı naxış çeşidləri, bəzək əşyaları, həmçinin dairəvi evin daş planı (özülü) verilmişdir: Azərbaycanın quzey bölgələrində həmin dövrdə Xalaf kulturu üçün xarakterik olan dairəvi evlər var. (10) Belə arxeoloji abidənin bərpa sxemini verən Davud Axundovun tipoloji eskizləri Güney-Qafqazla İkiçayarası arasındakı əlaqələri göstərən tutarlı bəlgədir:
Türk Atayurdunun önəmli bir bölgəsi olan «Subar ölkəsi» coğrafiyasında arxeoloji kultur ardıcıllığı türk dövlət gələnəyinin mənşəyini öyrənməyə yardım edir. (11) Ona görə də, subarların yayıldığı ərazilərin arxeoloji kulturunu diqqətə almadan, İkiçayarasında qurulan dövlətlərin etnik əsasını ayırd etmək mümkün deyil.
Aşağıdakı xəritədən də göründüyü kimi, Xasun (kare ile), Samara (dikdörtgen ile), Xalaf (daire ile) abidələri Dəclə çayının sağ və sol yaxaları boyunca yayılmışdır. Xalaf kulturu elementlərinin Fərat çayının orta axarındakı batı yaxasına, sonrakı Kumuq bölgəsinə və oradan batıya, Mersinə qədər uzandığı da sezilir. Yarımtəpəni tədqiq edən R. Munçayev və N. Merpert bir-birini əvəz edən həmin kulturlara aid abidələri xəritədə belə vermişlər:
Güney-İkiçayarasında Ubeyd kulturu (m.ö. 4300-3500 illər) bura gələn sumerlər tərəfindən yaranmışdır. Lakin bu kultur «quru yerdə» yox, daha öncə burada yaşamış boyların Xasun kulturunun təsiri altında ərsəyə gətirdiyi qədim kultur üzərində yaranmış, gəlmə elementlər üstünlük qazanmışdır. Bars (Kəngər) boğazı yaxasından başlayıb, üzüyuxarı Eredu, Uruk, Ur və Kişi əhatə edən Ubeyd kulturu möhtəşəm məbədlərilə seçilir. (12) Sonra ilk mixi yazı da burada yaranıb, ətraf ölkələrə yayılmışdır.
Bütün bu arxeoloji kulturların etnoqrafik özəlliyi sırasında bükülü ölübasdırma və dairəvi evə oxşar sonrakı kurqan gələnəyi, insanın o biri dünyadakı evində yenidən dirilib, yanına qoyulan azıq və əşya ilə yaşamını davam etdirməsi inancı sonrakı türklərin etnoqrafiyasında minillər boyu davam etmiş, yalnız islamlaşma çağlarında bu gələnəklər pozulmuşdur. İslamöncəsi və qeyri-müsəlman qəbirlərin «suburğan» adlanması da diqqəti çəkir. M. Kaşğarinin qeyd etdiyi «Suburğanda ev bolmaz» deyimində artıq əski inancın transformasiyası gerçək üzünü göstərir.(13)
Sumer inancına görə, qutlu törənlər dağı olan Şubar dağı doğuda yerləşir. (14) Sonradan buddizmi qəbul edən doğu türklərdə də mifik Sumir dağı (sanskritcə Sumeru) dünyanın mərkəzi sayılırdı.(15) Maraqlıdır ki, adını Sibirə verən subarların indi Batı-Sibirdə yaşayan törəmələri Orta Asiyadan gəlmə sayılır, lakin Sibir türklərinin folklorunda «Koroğlu» motivləri Orta Asiya ilə yox, Anadolu ilə bağlıdır, yaxud «Alp-Mamşan» eposu yaxındakı qazaxözbək Alpamışı ilə yox, «Dədə Qorqud» ilə səsləşir. (16) Bu mifoloji və epik bəlgələrin mənşəyi, əlbəttə ki, Ön Asiyadadır. Təkcə Koroğlu yox, yəhudilərin Solomonu, farsların Rüstəmi, etrusk, latın və yunanların Xerkle, Herkules və Heraklı da Bilqamısı təkrar edən mifoloji bahadırlardır. Bəzi «Oğuznamə» süjetlərinin, «Dədə-Qorqud» və «Koroğlu» motivlərinin Sumer eposu «Bilqamıs» ilə əlaqəsi haqqında sonrakı bitikdə geniş məlumat veriləcəkdir. (17)
Xasun-Samara və Xalaf kulturunun yayıldığı coğrafiyada arxeoloji və etnoqrafik bəlgələrlə yanaşı, dil bəlgələri də diqqəti çəkır. Belə ki, bu regionda İtigəl (Dəclə), Burat (Fərat) kimi ən böyük çaylarla yanaşı, onların qolları olan Balıq, Sub-Ana, Turna kimi bir neçə çayadının qədim türkcə olduğunu II Bitikdə tarixi bəlgələrlə geniş vermişdim. İkiçayarasının qədim onomastikası sırasında Subar, Sumer, Samar(a), Turku, Tirka, Tirikan, Basar, Aran, Kiş, Sipar (Sippar), Qasur, Asur, Azar, Oquz (Aqus), Qarqar (Karkar), Kanxar (Kəngər) kimi onlarla yeradının, elmi ədəbiyatda tanrıadı kimi verilən, əslində isə, iyəadı olub dialekt fərqi ilə işlənən Turuq/Turq/Tarqu, Turan, Baba, Teşub, Asur/Qasur/Asar, Kuər məbud adlarının və Dinqir (Teñri) teoniminin, Elolmuş, Kurum, Tirikan, Yarlaq, Arisen, Kaki//Kiki, Dada, Ata, Puta, Topuz kimi şəxs adlarının, su, subar, qut, urum, ermən, mitan, turuq, kumuq, kuman, saqa kimi türk boy adlarının önəmli çəkisi vardır.
Ulu Sarqonun son illərindən bəhs edən bir yazıda Subardan Akad üzərinə olan basqını Sarqonun uğurla dəf etdiyini qeyd edən rus alimləri yazır ki, «görünür, Dəclənin orta, yuxarı axarlarını və qollarını əhatə edən Subartuda banana dilində danışan əhali yaşayırdı». (18) Göründüyü kimi, buradakı fıkirdə məntiqsizlik o həddə çatmışdır ki, hətta Subartuda yaşayan subar boylarının dilini «banana dili» kimi verirlər, türk dili deməyə dilləri gəlməsə də, heç olmasa, «subar» dili də demirlər. SU.BİR4, SU.AKİ, LUSU.A ideoqramları ilə verilib, sumercə Şuburki, akadca Şubartu şəklində yazılan bu adın sonrakı asur yazılarında KURŞubari//Şubre//Şubura// Şubria formalarına rast gəlmək olur. (19)
Subar boylarının doğudan batıya gəlməsini deyil, batıdan doğuya getməsini göstərən tarixi qaynaqlar çoxdur. Bunlardan biri də m.ö. III əsr yazarı Apolloniy Rodoslunun sapir şəklində qeyd etdiyi boyadına sabir şəklində düzəliş verən Stefan Bizanslının bu boyun Pont (Qara-dəniz) bölgəsində yaşadığını göstərməsidir. Qədim pullar (sikkələr) üzrə tanınmış uzman A. Q. Muxammadiyev başqa türk boyları kimi subar//sabir boylarının da Azaq dənizi ilə Kama çayı arasındakı ərazilərdə məskunlaşdığını geniş şərh etmişdir. (20)
İlkin yazılış forması Subartu və Şubartum olan ölkəadının akadca subari’um ~ şubarû şəklində yazılan etnonimlə, yəni «subar» boyadı ilə bağlı olması elmi gerçəklikdır. Rəvandüzdən quzey-batı tərəfdə müasir Zebar//Zibara yeradının asur qaynaqlarında Kar-Siparra (Sibar qalası) və URUZabaria//Zabbaria//Tsaparia variantları mixi yazı fərqini aydın göstərir. (21) Türk dillərinin fonetik inkişafına uyğun olaraq, sub sözünün ilk samiti s > ş/z, orta saiti u > ı/i, son samiti b > m/p/v/w/Ø dəyişmələrinə uğramışdır. Subar adının minillər boyunca müxtəlif dil və dialekt dəyişmələri ilə ayrı-ayrı dövrlərdə mixi, latın-yunan, hay, ərəb-fars yazılarında yaranmış müxtəlif morfonoloji variantları vardır. Bu ada qoşulan şəkilçiləri iki qrupa ayırmaq olar; etnonimlərə qoşulub cəmlik, topluluq bildirən -bi və -ar/-er/-ir şəkilçiləri ilə işlənənlər:
-bi
sum-bi
suv-bi
suw-bi
su-bi
-ar/-er
sub-ar (Subar, Şubar)
suv-ar
sib-ar (Sibar-is)
sıp-er (Sper)
sip-ar (Sippar)
sum-er (Sumer//Şumer)
sam-ar (Samar-a)
-ir
sav-ir
zab-(i)r-at (Zabrat)
şup-(i)r-ia (Şupria)
sab-ir-an (Sabiran)
şab-(i)r-an (Şabran)
sib-ir (Sibir)
sam-ir (Samur?)
Göründüyü kimi, sonrakı çağlarda türk toplumu içində yaşamını davam etdirən qədim subarlara məxsus arxeoloji, etnoqrafik, mifoloji, folklor, dil bəlgələri başqa etnosa deyil, türklərə aiddir. Sumer-Akad yazılarında m.ö. XXVI əsrdən adı çəkilən Subartu ölkəsi, subar boyu, m.ö. IX-VII əsrlərdə Asur yazılarında yer alan Subar bəyliyi, Xəzər xaqanlığında subarların Tenqrixana tapınması, m.s. X əsrdə Bizans imperatoru Konstantin Porfiroqennetosun onlardan «sabarta-asfala» deyimi ilə bəhs etməsi bəllidir: (22)
Ούκ έλέγοντο δε τώ τότε χρόνω Τοϋρκοι, άλλά Σάβαρτοι άσφαλοι έκ τινος αίτίας έρωνομάζοντο. (23) «O vaxtlar onlar türk yox, məlum olmayan səbəblə, savarta-asfala adlanırdılar». (Bu deyim «qüvvətli subarlar» və ya «ağ subarlar» kimi yozulmuşdur).
Subarlar haqqında məlumatlar beş minil arası kəsilmədən davam edir. Aşağıda görəcəyimiz kimi, bu məlumatlardan bəlli olur ki, subarların bir qismi m.ö. IV minilin, bir qismi də II minilin ortalarından Azərbaycanın iç bölgələrinə çəkilmiş və sonralar oradan Quzey-Qafqaz və İtil çayı arasına keçmişlər. Daha sonralar isə Dağıstandakı subar boylarının bir hissəsi yenidən Azərbaycana qayıtmışdır.
dipnotlar:
1) Azərbaycandakı dövlətləri yaranma çağına görə «Protoazər» və «Azər», yarandığı bölgəyə görə «Arazdan yuxarı» və «Arazdan aşağı» adlı başlıq və yarımbaşlıq altında qruplaşdırmaq olardı, lakin belə bölgülər gələcəkdə konkret tədqiqlər üçün münasibdir. Burada isə bir sıra qədim türk dövlətləri ilk dəfə gündəmə gətirildiyi üçün oxucuya ağır olan əlavə bölgülər deyil, bir başlıq altında ümumi bilgi verilir.
2) Bu sırada qədim «Subar eli»ndən sonra verilən «Subar bəyliyi» və «Doğu Subar bəylikləri» yarımbölmələri ilə tarixi ardıcıllığın pozulması oxucuya eyni boy haqqında birbirindən aralı bölmələrdə deyil, bir yerdə bilgi vermək istəyi ilə bağlıdır.
3) АЗА , 1986, 24-26; Maccoн, 1989, 41; Заблоцка , 1989, 30.
4) АЗА, 1986, 70.
5) Eyni qaynaq, 105-106.
6) ИДВ, 1983, 66.
7) Perkins, 1957, 43-45.
8) Мунчаев-Мерперт, 1981, 150 (və 85, 144-146).
9) Eyni qaynaq, 1981, 153-154.
10) Джавахишвили, 1973, 346-349.
11) Son illər bu bölgədə Urfa yaxınlığında alman arxeoloqlarının aşkar etdiyi Göbəklitəpə məbədi 12 minillik yaşına görə hələlik dünyanın ən qədim tapınağı sayılır.
12) IV minilin 2-ci yarısıyndan sonra bu kultur üzərində Uruk və Cemdet-Nasr kulturları yaranır. Ubeyd kulturunun lokal variantı sonralar Quzey İkiçayarasında da ortaya çıxır. Ubeyd kulturunun buradan quzeyə daşındığı çağda Van ilə Urmu arasında ilk təkərli arabanın yaranması kəngər boyu ilə bağlıdır (Bax: I Bitik, «Tunc çağı» bölməsi).
13) MK, I. 516.
14) ХПИДВ, 1963, 211.
15) ДТС, 513.
16) Тумашева-Ахмедов, 1983, 23.
17) Celilov, 1985; «Bilqamıs» dastanı, 1999, 83-89.
18) ИДВ, 1983, 239.
19) Дьяконов 1967, 113; Саркисян 1989, 11; Sonrakı çağlarda isə subar etnoniminə suvar, savar, savir, sabir, sibir, sipar, sper, zebar və sair fonetik variantları qeyd olunmuşdur ki, bunlardan yeri gəldikcə örnəklər veriləcəkdir.
20) Латышев, 413; Мухаммадиев, 1990
21) ТУ, 234-235; Burada yalnız u//a paralelliyi birbaşa keçidlə izah oluna bilmir. Görünür, İkiçayarasında qədim dialekt fərqi subar//samar sonralar da davam etmişdir.
22) Меликишвили, 1954, 101; Юсифов, 1987, 24; Саркисян, 1989, 11; Плетнева,1986,32;
23) Багрянородный, 158.
"Doqquz Bitik"; Bitik 3'ten
İslama qədər Ön Asiyada qurulan türk dövlətləri
Subar eli (ölkəsi) - Subar bəyliyi - Doğu Subar bəylikləri
Aratta eli
Lulu eli
Qut eli
Turuk (Türk) bəyliyi
Kuman bəyliyi
Azərbaycanda kiçik bəyliklər (m.ö. IX-VII əsrlər)
Mana eli
Qamər bəyliyi
Saqa eli
Mada eli
Azərbiqan eli (Kiçik Mada, Atropaten)
Alban (Aran) eli
0 Yorumlar