Subar Eli - Ön Asya'da Kurulan Türk Devletleri - II - Edebiyat Bende

Subar Eli - Ön Asya'da Kurulan Türk Devletleri - II



Subar Eli (Ülkəsi)
Prof.Dr.Firudin Ağasıoğlu Celilov


Yazılı qaynaqlarda ilk adı çəkilən türk boyu subarlardır. Bağdaddan yuxarı İkiçayarası əraziləri əhatə edən Subartu ölkəsinin sakinləri m.ö. III minilin ortalarından mixi yazılarda «çay adamı» anlamını bildirən subar adı ilə tanınırdı. Bu etnonim İkiçayarasında yaşayan prototürk boylarının ümumi adı idi. Subarların burada yaşam tarixi subar adının mixi yazılarda qeyd olunduğu tarixdən çox qədimdir. Carmo, Xasun, Xalaf, Quzey-Ubeyd kulturu çağlarında, yəni VII-IV minillərdə Subar ölkəsinə başqa etnosun gəlməsi faktı yoxdur.

Görünür, m.ö. IV minilin ortalarında Atayurddan ilk böyük köçün başlanması ilə dağılan prototürk çağından sonra Atayurdun güney batı bölgəsində qalan subar boyları bura gələn ilk sami axınlarına qədər Subartunun əsas avtoxton əhalisi olmuşdur. Çünki sonralar bir-birinin ardınca İkiçayarasına gəlib yerləşən sumer, akad, hurri boylarından əvvəl buradakı yer-yurd adlarının çoxu türkcə idi. Ona görə də, Quzey-İkiçayarasında formalaşıb, ilkin prototürk Atayurdunun yaxın bölgələrinə yayılan qədim Xasun və Xalaf kulturunun da subar boylarına aid olması ehtimalı böyükdür, çünki Subartu adlanan ərazidə subarlardan əvvəl yaşamış hər hansı başqa bir xalqın (etnosun) adı tarixə bəlli deyil. (24)

Laqaş ensisi Eannatum (m.ö. XXVI) və Akad çarı Naram-Suenə (m.ö. XXIII) aid yazılarda əks olunan Subartu adının mənşəyi daha qədimdir. (25) Bu ölkədə subar boylarının yaşaması heç kimdə şübhə doğurmur, lakin bəzi alimlər hurri boylarının İkiçayarasına m.ö. II minilin başlarında gəlməsini deyil, burada III minildən mövcud olmasını əsaslandırmaq üçün subar adlarını hurri sözü kimi verməyə cəhd etmişlər. Ancaq İ.Gelb «Hurrilər və Subarlar» adlı kitabında hurri və subarların ayrı-ayrı xalq olduğunu aydın göstərmişdir. O, subarların Zaqros dağlarında yaşayan lulu, qut və sair boylarla qohum olduğunu yazır. (26)

Subar adının izahında müxtəlif yozumlar olmuşdur. Bəziləri adın sonrakı sabir variantından çıxış edərək, adın sapmaq feilindən yaranmış «yolunu azan» anlamı daşıdığını, qazax alimləri isə sibir adının «sulu yer» (sub-yer) bildirdiyini yazmışlar. (27) Lakin adın ilkin subar forması su (çay) kənarında yaşayan, çaylı anlamında yaranmış «sub ər» sözüdür. (28) Subarlar haqqında bilgi iki minil boyunca sumer və akad-asur yazılarında verilir. (29) Bundan sonrakı əsrlərdə isə subarları Doğu-Anadolu, Azərbaycan, Quzey-Qafqaz, İtil yaxası və Batı-Sibir bölgələrində qeyd edən suriya, yunan-latın, hay, gürcü, ərəb, fars və türk dilli qaynaqlarda görmək olur.

Bəzi qaynaqlarda «Subar ölkəsi» əvəzinə, «Su ölkəsi» ifadəsi də işlənmişdir və bu variant daha çox Güney-Azərbaycan subarları ilə bağlı olan mətnlərdə özünü göstərir. Görünür, sub > suw > su fonetik dəyişməsi hələ o çağlarda bəzi protoazər dialektində başlanmışdır: sun-bi (< sumbi), sum-bi, suv-bi, suw-bi və su-bi variantları adın kökündəki sub/su sözlərinin fonetik inkişafını aydın göstərir. Ikiçayarasında «Su ölkəsi adamları», «su boyları» anlamında LUSu, LUSuki, LUSu-akl, LUSu-a adının m.ö. III minildən bəlli olduğunu yazan Y. B. Yusifov mixi yazılardakı «Lu-lu LUSu-ak1» və «Lu-lu Şubur» ifadələrində lulu boyunun Su və Subar ölkəsində yaşaması nəzərdə tutulduğunu, bəzən Aratta ölkəadının da işarəsi kimi verilən SU.KUR.RA sumeroqramı altında da «Su ölkəsi» anlamı durdıığunu qeyd edir. (30) Sonralar belə bir türk «Su eli» (ölkə/dövlət) Çin qaynağında yad olunur. (31) Göründüyü kimi, subar//subi etnonim paralelliyi Subar//Subi//Su toponim paralelliyini tamamlayır və subar boyadının «çaylı» anlamında sub + ər modelində yarandığını bir daha təsdiq edir.

Mənbələrdə Subartu elinin dövlət qurumuna aid məlumat olmasa da, hələ Naram-Suen çağında (XXIII əsr) ensi titulu daşıyan hökmdarı olması haqqında bəlgə vardır. (32) Lakin Subartu ölkəsində bu böyükbəyin (ensinin) bir bölgədə, yoxsa bir neçə bölgəni və boybirliklərini əhatə edən Eldə başçı olması bəlli deyil. Ancaq hələ Ulu Sarqonun (XXIV əsr) vaxtında subarların Akad üzərinə Subartudan yürüş etməsi faktı subarlarda boybirləşmələri qurumu olduğunu göstərir. Görünür, m.ö. III minilliyin ortalarında şəhər-məbəd hakimiyəti güclü olan İkiçayarasının güneyindən fərqli olaraq, quzey bölgələrində tapınaqlar hələ məbəd-kahin hakimiyəti xarakteri almamışdı. Ümumiyətlə, türk boylarının sonrakı tarixi də aydın göstərir ki, çoxiyəli türk toplumunda Təktanrılı inanc sistemi minillərboyu davam etmişdir. Subar Eli dağılandan sonra onun ərazisində çoxlu bəylik yarandı, lakin ensi və ya yanzi titulu daşıyan böyükbəy tərəfindən idarə olunan bəyliklərin çoxu sonralar Akad-Asur dövlətindən asılı vassal bölgələrə çevrildi.

Əkin və digər istehsalat təsərrüfatına rəhbərliyi ələ alan məbəddə yeni-yeni vəzifələrin ortaya çıxması, böyük bürokratik aparatın yaranması labüd olan şəhər-məbəd dövlət qurumlu Sumer və Akad ölkələrindən etnik gələnəkləri ilə fərqlənən Subar icmalarında kəskin antoqonist sosial təbəqələşmə yarana bilmədi, çünki əkin üçün yararlı torpaq üzərində nəzarəti güclü olan məbəddən fərqli olaraq, subar boylarının əkin-biçin və otlaq yerləri umumi icmalara aid idi. Burada varlı-kasıb təbəqələşməsi getsə də, mülkiyətdə hüquq bərabərliyi qorunan bu toplumlarda şəhərməbəd hakimiyəti deyil, boybirlikləri əsasında seçimlə formalaşan demokratik qurumlar üstün mövqeyə çıxırdı. Özəlliklə, Dəclə və Urmu arası ərazilərdə yaşayan heyvandar türk boylarında bu qurum daha qabarıq cizgilərlə görünür. Beləliklə, etnik psixologiya və gələnəkdən asılı olaraq, müxtəlif yönümlü dövlət qurumları, dövlətçilik gələnəyi yaranır ki, qədim Ön Asiya dövlətlərindən danışarkən bu faktoru diqqətə almaq lazım gəlir.

İkiçayarasının indiki Bağdaddan yuxarı hissəsi sumer yazılarında Subartu (Subar), aşağı hissəsi isə Kiengir (Kəngər) adlanırdı. Kİ.EN.Gİ yazılıb, Kiengir oxunan bölgə ilə Subartu arasında sonralar Akad (Aqade) şəhəri salınan Ki-Uri bölgəsi yerləşirdi. Öncə sumerlərin Kiengir adlanan əraziyə gəlib məskunlaşması, sonralar isə III minilin başlarından vaxtaşırı Ərəbistan çöllərindən axın-axın gələn sami tayfalarının Subartuya yerləşməsi regionun etnik tərkibini xeyli dəyişdi. (33)

İkiçayarasına gələn samilər Akad şəhəri ətrafında güclənib, subarları daha yuxarılara sıxışdırırdı. Ulu Sarqonun (XXIV əsr) yuxarı Subar bölgələrinə hücum etməsi barədə yazılar qalmışdır. Sarqonun yaratdığı sami Akad dövləti Sumer ölkəsini də ələ keçirmişdi. Akaddan yuxarıda formalaşan sami tayfaları subarların Asur məbudu olan şəhərinə yerləşdi və burada akad dilinin fərqli ləhcəsındə danışan samilər Asur şəhərinin əhalisi anlamında asur adlandı. İlk asur çarları sami adı yox, yerli Kikia, Uşpia kimi adlar daşıyırdı. II minilin əvvəlində subar torpaqlarına asurların ekspansiyası gücləndi. Bu vaxt İkiçayarasının yuxarı bölgələrinə sıxışdırılan subarlar quzey-doğudan da yeni hurri axınları ilə qarşılaşdı. (34) Beləliklə, aşağıdan samilərin, yuxarıdan da qafqazdilli hurri tayfalarının arasında qalan subarlar üç qola ayrıldı; batı-subar, orta-subar, doğu-subar boyları (I və II sxem): 




Batı subar boyları batıya çəkilib digər xalqların içində əridi, doğuya çəkilənlər Urmu gölü və Araz çayı hövzəsində yerləşdi və daha sonralar xeyli hissəsi Xəzər boyunca yuxarıya miqrasiya etdi. Sonrakı minillər ərzində doğu-subarlar türklüyünü itirmədi, çünki soydaşlarının arasında idi. Arada qalan orta subar boyları isə Fərat və Dəclənin yuxarı axarlarında, Van gölündən batıda, indiki Bitlislə Diyarbakır arasında ayrı-ayrı bölgələrdə bəylik və kiçik dərəbəyliklər şəklində yaşadı. Bir az sonra bu orta və doğu subar boylarının tarixindən söhbət açacağıq, çünki sonralar Avrasiyanın bir neçə bölgəsinə yayılan subar boyları təkcə azər xalqının deyil, başqord, bulqar (tatar), kumuq, qaraçay-balkar türklərinin formalaşmasında da iştirak etmişlər.

Batı subar boyları. Batıya çəkilən subarlar içində kuman, kumuq, barsil, as, oquz, etrusk, qaşqay və sair boylar bir-birindən fərqli duruma düşsələr də, bəziləri eyni taleyi yaşamışlar. Yad mühitdə dillərini və etnik gələnəklərini itirən bu boylardan yalnız yer-yurd adları və bəzi sözlər qalmışdır. (35) Bu boyların bəzisindən yuxarıda məlumat verilmişdi, bəziləri haqqında isə sonra danışılacaq. Burada yalnız batıya keçən kumuq-subar boyları haqqında bir-iki söz deməyə ehtiyac vardır. 




Asur-Urartu yazılarında KUR və URU determinativləri ilə verilən Kumax(a), Kumux(u) ölkəsi Fərat çayının orta axarında yerləşir. (36) Kumuq boyu Diyarbakır ilə Fərat çayı arasındakı ərazidə və çayın batı yaxalarında yad olunur. Onlar Fəratı keçəndən sonra çox da uzağa getməyib, çayın batı yaxasında, Malatyadan güneydə oturmuş və bura Kumuq ölkəsi adlanmışdır. Kumuqlar burada zaman zaman sami, hurri və het dilli boyların içində ərisələr də, bölgənin adını qaynaqlar uzun müddət Kumuq, Komuq, antik dövrdə Kommaqena (Κομμαγηνή ) kimi yad edir.

Vaxtaşırı Kumuq bəyliyinə hücum edən asur və urartu qoşunlarına qarşı müxtəlif çağlarda Katazil, Kuştaşpi adlı bəylərin başçılığı ilə vuruşan kumuqlar çox vaxt Asur və Urartu dövlətindən asılı vəziyətə düşmüş, bəzən də Urartu ilə birləşib Asura qarşı vuruşmuşlar. Asur yazısında qeyd olunmuşdur ki, III Tiqlatpalasar (m.ö.745-727) Urartu çarı Sarduri ilə müttəfiq olan Aqus, Melid, Qurqum və Kumux ölkələrinin başçıları (böyükbəyləri) Mati'el, Sulumal, Tarxular və Kuştaşpinin ordularını Kumux elinin Kiştan və Xalpu bölgəsində məğlub etdi. (37) Görünür, kumuqlar üzərində əldə olunan bu qələbə onlapı Asurdan asılı duruma sala bilməmişdir, çünki bir neçə il sonra asurlar yenidən Kumux ölkəsinə hücum edirlər: II Sarqona (m.ö.721-705) aid bir qaynaq Sarqonun kumuxlu Mutallunun ölkəsində 62 şəhər (yaşayış məskəni) tutduğunu, onun sarayında qiymətli var-dövləti yağmalayıb, ailəsini əsir aldığını və bu ölkəyə başqa əhali köçürdüyünü qeyd edir. (38)

Xalpu (Xalfetı), Haran, Saruq, Basar (Beşiri), Til-Barsip (Birecik), Kiştan (Küştem) kimi bir çox şəhərlər kumuq boylarına aid edilir. Kumuq boylarının yayıldığı ərazilərdə müasir Siverek, Savur kimi yer və çay adlarını kumuqlara bağlamışlar. (39) Ola bilsin ki, Fərat (Burat) çayına qoşulan Balıq çayadı da subar boylarından olan kumuqlardan qalmadır. İ.M. Dyakonov Bit-Aqusi adının hərfi mənada «Aqus evi» anlamı bildirdiyini, bu dövlətin Arpad (Tel-Efrad) adlı başkəndinin Suriyanın quzeyində Kilisdən 25 km güneydə yerləşdiyini yazır. (40) «Oğuz yurdu» anlamında Hələb tərəfdə oquz boyundan yadigar qalan Bit-Aqusi ölkəadı asur və het qaynaqlarında uzun müddət yad olunur. Bu bölgədə oğuzların «alıp» (alp) sözünə yaxın Alepponun qədim Xalpu, Halap variantları da diqqəti çəkir. Ümumiyətlə, qədim Hələb, Ebla və Hatay çevrəsində Uti, Qarqar kimi qədim türkcə yeradları çoxdur. Ola bilsin ki, Mitan Eli çağında hurri boyları ilə yanaşı, bəzi subar boylarından da Finikiyaya enənlər olmuşdur. Qədim türk runik yazısı ilə Aralıqdənizi yaxasında yayılmış yazıların eyni mənşəli olmasını I Bitikdə «Yazı» bölməsində vermişdik.

Kumuq bəyliyindən yuxarı, quzey-batı yönə çəkilən subar boyları, görünür, etrusklar kimi sonralar İtaliyaya keçmişlər, çünki aşağı İtaliyada Subaris (Σύβαρις) adlı çay və şəhər adları, Sabura qalası subarlarla bağlı yaranmışdır. (41) Yaşadığı dövrə yaxın tarixdə İtaliyada baş vermiş hadisəni təsvir edən Herodot m.ö. 510-da Kroton'lular tərəfindən dağıdılan Sibaris və onun hökmdarı Telis haqqında geniş bilgi verir. (42) Subar boyu İtaliyaya gəlib, Tiber çayından yuxarı bölgələrdə yerləşən etrusklar kimi, həmin dağıntıya qədər artıq burada yerli əhali içində asimilyasiya olunmuşdu. Halbuki, vaxtilə dörd asılı boyu və 25 şəhəri birləşdirən subarların lazım gələndə 300 min döyüşçü çıxara bildiyini yazan Strabon Sibaris şəhərini də onların saldığını qeyd edir. (43) İtaliyada qədim türk izlərindən danışarkən yuxarıda verdiyimiz onomastik bəlgələr subar və etrusklarla bağlıdır.

Göründüyü kimi, zaman-zaman batı bölgələrə çəkilən subar boyları yerli xalqların içində ərimişlər. Lakin batıya deyil, quzey-doğuya qalxıb, Het dövlətinin dağılmasında böyük rolu olan qaşqay boylan ilə əlaqəsini itirməyən Doğu-Anadolu subarlarının (sper) böyük bir qismi və subi, suvar, savir, sibir adları ilə doğuya çəkilən subar boyları isə milli gələnəklərini və türk dilini saxlaya bildi. Bunlardan bir az sonra bəhs edəcəyik, hələlik isə Mitan Eli dağılandan sonra aralıqda qalan orta-subar boylarının bu bölgədə yaşadığı tarixə baxaq.





Subar Bəyliyi


Mitan dövləti m.ö.XIII əsrin ortalarında dağıldı. Onun orta-subar boyları yaşayan quzey əyalətlərindəki Arme, Urmu, Kulmeri, Turxu və sair şəhər-bölgələrində ayrı-ayrı dərəbəyliklər ortaya çıxdı. Artıq II minilin sonu, I minilin əvvəlində güneydə Asur, qüzeydə isə yeni yaranmaqda olan Urartu dövləti güclənməkdə idi. Bu qonşu dövlətlərin vaxtaşırı hücumlarına qarşı dura bilmək üçün İkiçayarasının quzeyində subar boyları yaşayan bölgələr birləşib Subar bəyliyini yaratdılar. O çağlarda Ön Asiyanın iki qüdrətli dövləti olan Asur və Urartu arasında yerləşən bu kiçik Subar bəyliyi bəzi gərgin vaxtlarda gah bu, gah da o biri dövlətə vergi ödəməklə ölkəni işğalçı hücumlardan qorumağa çalışırdı. Lakin elə dövrlər də olurdu ki, hər iki qonşu dövlət Subar bəyliyinin yeritdiyi müstəqil siyasətlə hesablaşmalı olurdu. İki əsrdən artıq mövcud olan Subar bəyliyi m.ö. 673-ə qədər müstəqil dövlət kimi yaşadı. (44)

Subar bəyliyi haqqında m.ö. XI-X əsrlərdən məlumat verilsə də, ondan hələ dövlət kimi deyil, bir neçə şəhəri olan ölkə (bölgə) kimi
bəhs olunur, bu ölkədə böyükbəy titulu yalnız m.ö. IX əsrdən görünməyə başlayır. (45) II Adadnerarinin yazısına görə o, «Subar ölkəsi ilə konfederasiyada olan Arinu, Turxu ve Zaduri şəhərlərini (Asura) qaytarmışdır». (46) III Salmanasar m.ö. 854-cü il yürüşündə «subarlı Anxittişeni öz şəhərində mühasirəyə alır». (47) Sonrakı yürüşündəsə bu Asur çarı «subarlı Anxite'nin Upumu şəhərini tutdum» - deyə, yazır. (48) 




Görünür, əvvəllər qonşu bölgə və şəhərlərlə konfederasiya yaradan Subar bölgəsi artıq IX əsrin ortalarında siyasi dövlət qurumu olan bir bəyliyə çevrilmişdi. Çünki bu çağlardakı sənədlərdə ölkənin başçısı kimi verilən Anxit «çar» titulu ilə təxminən otuz il (884-854) xatırlanır və Subar bəyliyində iki başkənd (āl šarrūti ) qeyd olunur ki, bunlardan biri Kulmeri, digəri Upum idi. İlicənin yaxınlığındakı yüksək dağda yerləşən və «dağın başında dumana oxşayan» Upum coğrafi durumuna görə, böyükbəyin yaylaq şəhəri sayıla bilər. (49)

Ərazisindən çoxlu çaylar axan Subar dağlıq ölkə idi və onun dağlarında qızıl, gümüş, dəmir və digər metal yataqları vardı. Subar şəhərlərindəki sənətkarlar bəzək əşyaları, müxtəlif silah və cəng arabaları düzəldə bilirdi. Subar boylarının dəmirçilik sənətində irəli getdiyini, silah-yaraq hazırlamaqda məşhur olduğunu onların sonralar Quzey Azərbaycandakı fəaliyətində də görmək olur. Subar elbəyi Anxite öz tacını Asur çarına göndərəndə «aslan dərisi bəzəyində cılxa qızıldan» olan bu ərməğanın gözəlliyini vəsf etməkdən çar özünü saxlaya bilməmişdi. (50)

Ölkənin çay vadilərində və dağ ətəklərində çoxlu əkin yerləri vardı. Burada əkinçiliklə yanaşı, heyvandarlıq da inkişaf etmişdi. Asur çarlarının Subar ölkəsindən qənimət kimi çoxsaylı mal-heyvan aparması bunu aydın göstərir. Çoxlu yaşayış məskənləri, şəhər və qalaları olan Subar bəyliyinin çarı (elbəy), müxtəlif alaylı ordusu, dövlət məmurları, bölgə, şəhər və qalabəyləri, ağsaqqallar şurası, müşavirləri, soylu bəyləri vardı. Subarda böyükbəyin (şarru) sarayında müşavir (māliki) olan soylu bəylərin (rubē) varlığı Subar elbəyi Niq-Teşubun Assarxaddona yazdığı üzrxahlıq məktubundan bəlli olur. Asur qaynağı həmin məktubdan bu hissəni verir:

«Müşavirlərim, soylu bəylər mənə yanlış şeylər anlatdılar, yalan sözlər dedilər; Aşşur qarşısında böyük günah etdim, himayədarım çarın sözünə qulaq asmadım və sənin asurlu qullarını (qaçqınları) sənə qaytarmadım, ancaq bununla özümə də yaxşılıq etmədim». (51)

Əgər əlimizdə subar elbəyinin yazdığı məktubun orijinalı olsaydı, təbii ki, Subardakı durum haqqında daha ətraflı bilgimiz olardı, lakin Asur çarı elbəyin məktubundan yalnız «üzrxahlıq» hissələrini vermişdir. Ancaq buradan da aydın hiss olunur ki, despot rejimli Urartu və Asur dövlətlərindən fərqli olaraq, Subarda ədalətli sosial durum vardı, çünki həmin ölkələrdən qaçanlar məhz burada sığınacaq və rifah tapırdı. Türk boylarının qurduğu Qut elinin Akad, Sumer, Elam dövlətlərilə müqayisəsi də göstərir ki, qonşu xalqlar tolerant ruhlu türklərə xilaskar, onların qurduğu dövlətlərə isə ümid yeri kimi baxmışlar.

Subar bəyliyinin əhalisi azad və firavan yaşayırdı. Burada qul yox, saray və ev qulluqçuları vardı. Qonşu ölkələrdən fərqli olaraq, burada sosial təbəqələr arasında qabarıq qarşıdurma yox idi. Ona görə də, Urartu və Asurdan bura çoxlu qaçqınlar gəlirdi. Əvvəllər Subar ölkəsinə gələnlərin əksəri qullar və digər yoxsullar idisə, sonralar qaçqınların içində despotizmdən qaçan çarın əskər və nökərləri, qalabəyi, bölgə başçısı, zabitlər və hətta Asur çarının qardaşları da vardı. (52)

Subar bəyliyinə sığınan qaçqınlara bu ölkədə ev (bītāteMEŞ), əkinbiçin üçün tarla (eqlētiMEŞ) və bağ-bağça (GİŞ kirēMEŞ) verilirdi. (53) Əgər bir ölkədə qaçqınlar əkin-biçinlə məşğul olmaq imkanı əldə edirsə, deməli, ölkənin daha böyük imtiyaza malik yerli əhalisi mülkiyət hüququ, şəxsi torpağı olan azad insanlardı. Asur dövlətindən asılı olduğu dönəmlərdə bu ölkədən alınan vergi və sadalanan bac-xərac göstərir ki, subar boylarının içində mal-heyvan, at-ilxı saxlayan heyvandarlar, özəl əkin sahələri olan əkinçilər (LÚikkāru), bağ-bostan və üzümçülüklə məşğul olan bağbanlar (LÚnikaribbu), qab-qacaq, bər-bəzək, ordu üçün qılıc-qalxan, yay-ox, cida, balta, cəng arabası düzəldən sənətkarlar vardı. Bu ölkənin filiz yataqları metalişləmə sənətinin inkişafı üçün zəmin yaradırdı, buradan ətraf ölkələrə mis, qurğuşun aparılması haqqında bəlgələr vardır. Subar bəyliyində, özəlliklə, metalişləmə, dəmirçilik sənəti yüksək inkişafda idi. II Aşşurnasirapala verilən bac-xərac siyahısında «gümüş, qızıl, tunc, qurğuşun, dəmir, gur-pî-si (?), qablar, at, iri və xırdabuynuzlu mal-heyvan» sadalanır. (54)

Subar bəyliyində böyük ordu olmasa da, nizami ordunun əlaməti görünür. Belə ki, elbəyin qvardiyasını (kisir şarrūti ) cəng arabaçıları, süvarilər təşkil edirdisə, əsas ordu oxçu (GİŞkaşu) və qalxanlı (GİŞa-ri-ti) piyada alayından (kara-sü?), asurca rəis (rēşĕ) adlanan zabitlərdən, kəşfiyatçılar və zirehçilərdən ibarət idi. Orduya aid mətndə asurca mənası bilinməyən şaknute və elatsu terminləri işlənir. (55) Son savaşda Upum şəhərinin qala divarı qarşısında asurların qurduğu ağac atmaları subarların yuxarıdan neft (naptu) töküb yandırması göstərir ki, bu ölkədə neft də varmış. (56)

Subar ölkəsində Kulmeri, Upum ilə yanaşı, Turxu, Xasmetu, Markux, Penzu, Arinu, Zaduri şəhərlərinin adı çəkilir. Digər Urartu yazılarında olduğu kimi, Menua da Subar ölkəsini başkənd Kulmeri adı ilə Qulmeri asuni (bölgəsi) adlandırır və burada 70 şəhər-kənd, 400 yaşayış məskəni (URUMEŞ) yağmaladığını yazır, onun buralarda şadılı boyları ilə savşadığı da bəllidir. (57)

Göründüyü kimi, qaşqay, ermən, şadılı, kuman, kumux və sair türk boyları yaşayan bölgə və ölkələrlə əhatə olunmuş Subar bəyliyi çoxlu yaşayış məskənlərinə malik idi. Subara söykənən bölgələrdən Urume quzey-doğuda, Arme isə batı qonşuluqda idı. Urartular Subara girmək üçün Urume bölgəsindən keçməli olurdular. Bu səbəbdən, Subar ilə Urume bölgəsini eyni ölkə saymaqda yanılsa da, Muş ovalığında Urman kəndinin adını Subar bəyliyi çağından qaldığını qeyd edən N.V.Arutyunyan haqlıdır. O yazır:

«Düşünmək olar ki, Urartu qaynaqlarında Urme, Asur qaynaqlarında isə İç Urumu kimi verilən ölkə (bölgə) adı həmin urum boyunun adından yaranmışdır». (58)

Burada yaşayan urum adlı subar boylarının vaxtilə qaşqay türkləri ilə birlikdə asur-subar savaşlarında Subar şəhərlərinin köməyinə gəlməsi Asur çarını narahat etmişdi. (59) Bunlar həmin urum boylarıdır ki, adını Urmu gölünə, azərlərin ayrım boylarına, urum türkü deyilən batıdakı türklərə və doğuda Urumçi şəhərinə vermişdir. Arme bölgəsində isə «Türk tanrı» tapınağı vardı, bu tapınağın kahini «baş kam» adlanırdı. (60) Subarların Arme bölgəsindəki əhalini urartular ermen adlı subar boylarına uyğun olaraq, arme-ni adlandıra bilərdi, o dönəmdə burada hay tayfaları yox idi. Buradakı armenlər sonra Murad-suyun quzey yaxalarına keçdiyi üçün, oralar da Ermen bölgəsi adlandı. Armedən yuxarıda Murad-suyun güneyində isə subarların şadılı boyu yaşayırdı. (61) 

Ümumiyətlə, Subar bəyliyinin kontaktda olduğu ətrafdakı Qaşqay, Urume, Ulluba, Arme, Kumuq, Kuman və başqa ölkə-bölgələr qədim türk bəlgələri ilə doludur. Subar bəyliyinin etnik tərkibi, çox güman ki, təkcə subarlardan deyil, qonşu bölgələrdə yaşayan urum, matien, ermən, türk (turxu), şadılı, kuman, kumuq adlı türk boylarından, qafqazdilli hurri, bura sığınan urartu və samidilli qaçqınlardan ibarət idi. Subar bəyliyi dağılandan sonra subarların bir hissəsi yuxarı qalxıb, Çorux çayı hövzəsində sonrakı qaynaqların Subar (Sper) ölkəsi adlandırdığı bölgədə yerləşdi. Asurların xarabaya çevirdiyi Subar bəyliyində boşalan kənd və şəhərlərə Suriyanın quzeyindən və Kilikiya bölgəsindən köçürülən hay tayfaları yerləşdi. Bunlar qədim türklərin Ərmən bölgəsinə yaxınlaşan ilk haylar idi. Hay qaynaqları onların Subar ölkəsində məskunlaşma olaylarını geniş verir.

Subarın son elbəyi Niq-Teşubun və onun asurlarla yaxın münasibəti olan qardaşı Baq-Teşubun adında Mitan Eli dövründən geniş yayılan Teşub adını görmək olur. (62) Baq-Teşub adındakı baq Urmu hövzəsində və Göytürk yazılarında işlənən «tanrı» anlamlı baqa sözü deyilsə, onda bay/bəy sözünün qədim forması (beq) ola bilər. Bu halda adın çağdaş forması Bəy-Teşub olur. «Dədə Qorqud» bahadırı Basatın soyu Qoğan Aslana bağlandığı kimi, Subarda da Aslan kultu vardı. (63) Yuxarıda qeyd etdiyimiz kimi, Türk adlı tapınaq da Subarın qonşuluğunda idi. Subar ölkəsindən güneydə yerləşən Sabireş (Şabireşu) şəhərinə gələn subar elçilərindən qalabəyi Abiyaka və Yata adları da diqqəti çəkir. Subar ölkəsinin güney-batı qonşuluğunda yerləşən ölkənin böyükbəyi də qaynaqlarda Tubusi (oğlu) Lapturu adını daşıyırdı.

Niq-Teşubun vaxtında Asur çarı Asarxaddon şıkayət edir ki, Asur və Urartıu qaçqınları Subarda rahat sığınacaq tapır, burada onlara torpaq sahələri də verilir, halbuki hər iki ölkənin qüdrətli hökmdarları dəfələrlə Subar çarından qaçqınları qaytarmağı xahiş etmişlər. Lakin Subar çarı onları qaytarmır. Bunu bəhanə edən Asarxaddon asurların uzun zaman işğal etmək istədiyi Subar bəyliyinə hücum edib, möhkəm və yaraşıqlı qalaları, şəhər-kəndləri tutub dağıdır, elbəy Niq-Teşub isə öldürülür. (64) Asarxaddon sağ qalan subarların çoxunu başqa asur əyalətlərinə köçürdür və boşalan şəhər-kəndlərə başqa etnik bölgələrdən əhali yerləşdirir. Eyni zamanda, 21 şəhərin adını dəyişib, asurca adlar qoyur. «Subarların boşalmış küçələrində artıq nə şənlik vardı, nə də nəğmə oxuyan, yiyəsiz xarabalarda tülkülər, kaftarlar yuva qururdu». (65)

Böyük ordu ilə 673-ün qışında başlanan bu asur-subar müharibəsi 3-4 ay davam etdi və 672-də Subar bəyliyinin darmadağın edilməsi ilə başa çatdı. Bu müharibənin əsl səbəbi Kiçik Asiyada və Azərbaycanda saqa-qamər boylarının dalbadal Urartu vilayətlərini zəbt etməklə Asur sınırlarında böyük təhlükə yaratması idi. Saqaların Subar bəyliyinə yerləşə bilməsindən qorxuya düşən asurlar onları qabaqlayıb, Subar ölkəsini işğal etdi. Niq-Teşubu öldürən Asur çarı onun ordusundan və muhafizə qvardiyasından salamat qalan hissələri sıraya düzüb, baxış keçirdi və onları asur ordusuna qatdı. Urartudan qaçıb burada sığınacaq tapan qaçqınları tutub, Urartu çarına göndərdi. Etnik simasını dəyişdirdiyi Subar ölkəsini də iki canişinliyə ayırıb, Asur əyalətinə çevirdi. (66) Artıq bundan sonrakı qaynaqlarda ölkənin adı Subar yox, həmin əyalətlərin adı çəkilir. Beləliklə, İkiçayarasının quzeyində qədim subarlardan qalmış bu türk boyunun qurduğu kiçik dövlət dağıldı. İki əsrdən artıq Asur-Urartu kimi təcavüzkar dövlətlərin arasında yaşaya bilən Subar bəyliyi m.ö. 673-də tarix səhnəsindən silindi.



Doğu Subar Bəylikləri

Orta subarların bəyliyi dağılandan sonra onların bir qismi Çorux çayının hövzəsində olan soydaşlarına qoşuldu.Yüzil sonra artıq burada Sper adlı bölgədən söz açılır. Vaxtilə doğuya çəkilərək Güney Azərbaycanda yerləşən subarlar isə asur yazılarında Subar, Su, Subi, Sibar, Sipar, Sapar adlanan bölgələrdə yaşayırdı. Miladdan sonrakı qaynaqlar İslamöncəsinə qədər subar boylarını Quzey Azərbaycan, Dağıstan, Quzey Qafqaz və İtil çayı hövzəsində, daha sonrakı qaynaqlar isə Tümen bölgəsində yaranan Sibir xanlığı ərazisində qeyd edir. Beləliklə, İkiçayarasından doğuya çəkilən əksər subar boyu batıya gedən soydaşlarından fərqli olaraq, 3-4 minil ərzində dilini və soyadını saxlaya bilmişdir. (67)

Doğu subar boylarının dili haqqında bəlgələr daha çoxdur. Mahmud Kaşğari «Rum diyarındakı beçenəklərə qədər suvar, bulqar dillərində söz sonluğunun qısaldılması», «Rus və Rum ölkələrinə qədər uzanan bulqar, suvar, yemek, qıpçaq boylarının dili» haqqında bilgi verir.

Suvarların sözbaşında m əvəzinə b (ben bardum), «ayaq» sözündə başqa türklərdən fərqli olaraq, ذ yerinə ز işlətməsi (ađaq-azaq), başqa türklərdə arı yağı, suvar dilində ısə bal deyilməsi, Suvar oymağında uzunu dörd, eni biryarım arşın olan bezlə (egin) alış-veriş aparılması və bəzi köçəri boyların suvarlara qoşulması kimi məsələlər qeyd olunmuşdur. (68) Bu böyük türkoloqun qeyd etdiyi kimi, Rus və Rum (Bizans) ərazilərinə yaxın Doğu Anadolu, Azərbaycan və Quzey Qafqazda yaşayan subarların dilindən bəzi şəxs və yer adları asur, urartu, latın, yunan, suriya, gürcü, hay, ərəb və fars dilli qaynaqlarda yer almışdır.

Burada həmin boyların müxtəlif çağlarda ayrı-ayrı bölgələrdə qurduğu bəyliklər haqqında geniş danışmağa imkan yoxdur, çünki təkcə İtil və Quzey Qafqaz subarlarının tarixi ayrıca bir kitab mövzusudur və həm də başlıqda verdiyimiz mövzudan kənardır. Ona görə, Atayurddan doğu və quzey ölkələrə gedən subar boylarının getmə istiqamətinı və tarixini izləmək üçün burada yalnız qədim türklərin doğudan Azərbaycana gəlmədiyini, əksinə, buradan doğuya miqrasiya etdiyini aydın göstərən az, toqar, kumuq, qıpçaq, kuman, kəngər, turuq (türk), oğuz və sair boylarla yanaşı, subar köçlərini əks etdirən yerdəyişmə bəlgələrini gözdən keçirək.




Doğu Anadolu'da Sper Bəyliyi 

Böyük əraziləri zəbt etmiş Urartu dövlətinin dağılmasına Güney Qafqaza quzeydən gələn saqa-qamər boylarının hücumları səbəb oldu. Urartuya qarşı vuruşlarda yerli subar boyları da iştirak edirdi. (69) Vaxtilə, Doğu Anadoluya çəkilən subarlar Çorux çayının yuxarı axarlarında yerləşmışdi. Sipar bölgəsi adlanan bu ərazi yunan-latın və gürcü qaynaqlarında Sapir, Sper, Sasper variantları ilə qeyd olunmuşdur. (70) Herodot qədim gürcü deyimi olan Sasper formasını işlədir (görünür, onun informatoru Kolxidadan imiş). Gürcü dilində etnonimin əvvəlinə qoşularaq ölkə anlamı yaradan sa önqoşması kartvel adına qoşulub Sakartvelo (Kartvel eli) şəklində işləndiyi kimi, sper adına da qoşulub Sasper (Sper eli) yeradını ortaya çıxarır. (71) Herodotun yazdığına görə, Kolxida ilə Mada (Midiya) arasında çoxsaylı subar boybirlikləri yaşayırdı. Yəni m.ö.VI-V əsrlərdə Kolxida-Mada yolu Arazın yuxarı və orta axarında sper boylarının ölkəsindən keçirdi. (72) Madaya (Azərbaycana) gedən yolların həm Suram aşırımı, həm də Arazın yuxarı və orta axarlarından keçdiyini yazan Q. A. Melikişvili Sper bölgəsinin VI əsrdə Bayburt, Ərzurum və İspir (Sper) şəhərlərini də içinə aldığını qeyd edir. (73)

Doğu-Anadoluda bu Sper bölgəsinin etnik tərkibi bölgənin indiki qafqazdilli boyların əcdadlarından və subar türklərindən ibarət idi. (74) Saqaqamər boylarının qayıdışı ilə m.ö. I minilin ortalarından başlayıb, İslamın yaranmasına qədər türk boylarının minil boyunca Quzey Qafqaz və Orta Asiyadan Atayurda geridönmə olayları Azərbaycan və Doğu Anadoluda türklərin sayını, az da olsa, artırmışdı. Doğu Anadolu ilə indiki Gürcüstan və Ermənistan arasında buntürk, avşar, peçeneq, vənənd, qorak, sirak, gögər, kuman-qıpçaq və sair türk boyları bölgədəki Sper boybirləşmələrinə əlavə təpər vermişdi. «Dədə-Qorqud» alplarının at oynatdığı coğrafiyanın batı bölgələri Sper ölkəsi daxilindədir. (75)

Burada türklərin bir qismi xristianlaşsa da, Malazgird savaşında olduğu kimi, müsəlman soydaşları səlcuqların Anadolunu fəth etməsinə imkan yaratmışlar. (76) Olsun ki, Sper bölgəsinə subar boyu ilə birgə toqar, bulqar, kuman boyları da yerləşmişdi, çünki qaynaqlarda onların da adı keçir. Saqa və qamər boylarından bir qisminin burada qalması isə şübhəsizdir. Çünki sonrakı qaynaqlar Qamər (Qamir'k) ölkəsini yaxında verir və Gümrü adı da qamərlərdən qalmadır. Strabon burada bir dəstə saqanı öldürən farsların hər il bu qələbə gününü «Saqa bayramı» kimi qeyd etdiklərini yazır. (77) Bibliyada m.ö.VIII əsr olaylarından bəhs edən hissədə Separ (Sefar) ölkəsinin adı İkiçayarası ölkələri sırasında çəkilsə də, onun yerini dəqiq müəyənləşdirmək olmur. (78)

Beləliklə, Urartunıın süqutundan sonra Çorux çayı hövzəsində ortaya çıxan Sper bəyliyi sonrakı gürcü mənbələrində bun-türk (yerli türk) sayılan subarların öndərliyi ilə toqar, kuman, qaşqay, avşar (absar), saqa, qamər boyları ilə gəlib burada yerləşən digər türk boylarının da qatıldığı boybirləşmələrinin hərbi-siyasi qurumu idi. Sonralar doğudan və quzeydən zaman-zaman bura yeni türk boylan gayıtsa da, Mada imperiyasından sonra Əhəməni, Selevki dövlətlərinin əyalətinə çevrilmiş Sper bəyliyinin türk əhalisi sıxıntı içində yaşamışdır. Çünki Bizans-İran savaşları çox vaxt bu bölgədə olmuşdur.

Bu da tarixi gerçəklikdir ki, bu savaşlara Güney və Quzey Qafqazdan gəlib qatılan suvar (savir) boyları bəzən Bizans, bəzən də Sasani ordularına yardım etmişlər. Beləliklə, səlcuqların gəlişinəcən Sper bölgəsinin türk boylarının yurdu olması şübhə doğurmur.



Azərbaycanda Subar bölgə və Bəylikləri 

İkiçayarasından doğuya keçdikcə Su, Subi, Sibar, Sebar, Spir, Simer, Sumir, Sumur formalan ilə işlənən subar yer-yurd adları çoxalır. II Bitikdə Güney Azərbaycana Sarqonun (m.ö.714) yürüş marşurutunun bir neçə subar yurdundan keçdiyini görmüşdük. Ərbil-Kərkük bölgələrinin dörd tərəfi subar yeradları ilə doludur. Buradakı Süleymaniyə şəhərindən güneydə indiki Qaradağ adı hələ m.ö. XXI əsrdə özünü «Qardaka bölgəsindəki su xalqının ensisi» adlandıran Laqaş canişininin yazısında çəkilir. Burada su xalqı deyimini İ. M. Dyakonov subar boyuna aid edir. O, həmin çağlarda akad yazılarında adı Ərbil və Lulu ölkələri ilə yanaşı çəkilən Sumur (Simurrum) ərazisini də Ərbil-Kərkük yolundakı Altın-Körpü ilə eyniləşdirir. (79) 

Babildən yuxarıda Sipar (Sippar) şəhəri hələ Sumer çağından bəllidir. Sonralar Sipar adlı ölkə, bölgə, şəhər-qalalara Dəclənin doğu yaxalarından tutmuş, Qəzvin-Zəncan bölgələrinə qədər müxtəlif yerlərdə rast gəlmək olur. Bu səbəbdən, tədqiqatçılar təkcə Sipar bəyliyini deyil, ümumiyətlə, subarlarla bağlı Azərbaycanda geniş yayılmış toponimləri bir-birindən ayırmağa çox vaxt çətinlik çəkirlər. (80)

Urmu gölünün doğu yaxalarına saqa boylarından bir bölümün gəlişi burada anti-asur ovqatını xeyli artırdı və m.ö.673-ün yazında (mart-aprel) Asurdan asılı Kar-Kaşşi (kassi kaloniyası) başçısı Kaştariti və Maday bölgəsinin bəyi Mamitarşu ilə birlikdə Saparda bəyi Dusanni də asurlara qarşı başlanan üsyanın başında durdu. Üsyanın alovlandığı ocağın yeri və bu çağın asur orakulunda işlənmiş «Saparda aşırımı» deyimi göstərir ki, Qarqar bölgəsinə qonşu olan Sapar(da) dağlıq bölgəsi Qızıl-üzən çayının yuxarı axarlarında, Əlvənd dağı ilə Qarasu-çayı arasında idi. Buradan xeyli yuxarıda isə Sibur və Sibar adları ilə qeyd olunan bölgə Zəncan-Xalxal yolunda indiki Tut-Suvari tərəflərdə yerləşirdi. (81)

Hələ V Şamşi-Adadın vaxtında (820-də) asur qoşunu Qızıl-üzən çayı hövzəsində yaşayan qızıl boylarının Qızıl-bud ölkəsinə yürüş edəndə buranın Piri-Şad adlı böyükbəyi vardı, Sibare qalasında yenilən komandanın (qalabəyinin) adı isə Enqur idi. Asurlar bura sonralar da 737 və 714-də yürüşlər etmişlər, son hücum vaxtı Sibar bölgəsinin böyükbəyi Birtatu (Pirtatu) idi. (82)

Həmin yürüşdə II Sarqon Urmu gölünün doğu yaxasında yerləşən, «Urartu çarı üçün at ilxıları bəsləyən» və «urartuların Mana ölkəsi adlandırdığı» Subi bölgəsini urartulardan alıb Mana elinə qaytarır. (83) Olsun ki, samilərin işlətdiyi süvari sözü də məşhur ilxıçılar və atlı türklər olan suvar boyunun adı ilə bağlı yaranmışdır. Dədə Qorqud boylarında «atına suvar oldu» deyimi və Şərurda xristianlara aid «donuza suvar olub gəldi» məsəli dolayısı ilə bunu təsdiq edir.

Beləliklə, Güney Azərbaycanda subar boyları ilə bağlı çoxlu bölgə görmək olur. Mana Eli çağında bu bölgələrin bəzisi qaynaqlarda ayrıca çarı (böyükbəyi) olan ölkə-bəylik kimi qeyd olunmuş, bəzisi isə başçısı, yəni bəyi, qalabəyi olan bölgələr, bəziləri də Asurdan asılı boybaşı və bölgəbaşı titulu ilə başçıları olan ərazilər kimi verilmişdir. (84) Mada Eli çağında isə hakimiyətin mərkəzləşməsi bu bəylik və dərəbəyliklərdə müstəqil və yarımasılı siyasi qurumları aradan çıxarmışdır.

Arazdan yuxarıda subarların hansı çağdan məskunlaşması haqqında asur-urartu qaynaqlarında bəlgə yoxdur. Yunan-latın və hay-gürcü qaynaqları isə sonralar subar boybirləşmələri içində görünən boyları Makedoniyalı İskəndər dönəmində Arazdan yuxarı bölgələrdə, sonrakı ərəb, fars qaynaqları da subarları Quzey Azərbaycan və Dağıstandan İtil çayı yaxasınacan olan ərazilərdə qeyd edir. Bu qaynaqlarda bəzən hun, bulqar, xəzər, barsil adı altında subarlardan bəhs olunursa, bəzən də əksinə, subar, suvar, savir adları altında həmin boylar durur. Buna səbəb həmin çağlarda bir-birinin ardınca ayrı-ayrı boyların öndərliyi ilə yaranan türk boylarının konfederasiya qurumlarıdır.

Hay qaynağında hunların m.ö. II əsrdən Quzey Azərbaycanda verilməsi «anaxronizm» sayılır. Lakin nəzərə almaq lazımdır ki, sonrakı tarixçilər subarları hun, xəzər, bulqar boylarından saydığı və bunu bəzən açıq qeyd etdiyi üçün bu adlar altında subar boyunun durduğu şübhə doğurmamalıdır. «Moktsevay Kartlisi» adlı qaynaq Gürcüstana Babilistandan (İkiçayarasından) qovulan hunların quzeydən deyil, məhz güneydən gəldiyini qeyd edir. (85)

Yuxarıda Subar Eli və sonrakı Subar bəylikləri üzrə verdiyimiz tarixi bəlgələr də İkiçayarası, Doğu Anaäolu ve Güney Azərbaycanda subar boylarının əvvəlki yurdları haqqında aydın təsəvvür yaradır. Ona görə də, subar tarixini V-VI əsrdən sonra verən tarixçilər yanılırlar.

Subar boylarının Quzey-Azərbaycan, Dağıstan və İtil yaxasında nə vaxt ortaya çıxması məsələsi tarixşünaslıqda birmənalı həllini tapmamışdır. Əksər tarixçilər belə hesab edir ki, türklər bu ərazilərə doğu tərəfdən gəldiyi üçün subar boyları da batıya Altaydan gəlmişdir. (86) Hətta, bu gəlmə tarixini (460) və çıxış yerini (Çin sınırı) «dəqiq» verən tarixçilər də vardır. Güya avarlar subarları, onlar da onoqur və macarları qova-qova gəlib Qafqaza çatmışlar. (87) Axı, subar (savir) boylarının doğudan gəlməsinə aid heç bir qaynaqda bəlgə yoxdur və bu səbəbdən, güya avarların təzyiqilə yerindən çıxan boyun «güman ki», «ola bilsin ki» ifadələri ilə subarlara aid edilməsi mənbələrin deyil, tarixçilərin uydurmasıdır. Həm də, necə olur ki, 460-larda Altaydan çıxan subarlar bu tarixdən bir neçə əsr əvvəl artıq Qafqazda idi. Hələ II əsrdə Klavdi Ptolemey (90-168) Asiyadan yox, Avropa qitəsindən danışarkən hunları Itil çayından batıda, savirləri Quzey-Qafqazda verir. (88)

Beləliklə, Quzey-Azərbaycanda subar adlı boyun nə vaxtdan məskunlaşdığını bilməsək də, onların II əsrə qədər buradan Dağıstana, Quzey-Qafqaza və İtil yaxasına keçməsi bəllidir. Azərbaycanın quzeyində Şabran (Dəvəçi), Qala-Suvar (Quba), Zabrat (Apşeron), güneyində Biləsuvar adları olduğu kimi, Güney Qafqazda Orta əsrlərdən subarlarla bağlı yeradlarındakı müxtəlif fonetik variantlar və onların işlənmə arealının genişliyi göstərir ki, subar boyları burada çoxdan məskunlaşmışdır: (89)


Suvarbad (Batı Azərbaycan);  Sabirkənd (Gürcüstan);
Suvari (Batı Azərbaycan);  Separeti (Gürcüstan);
Sviri (Gürcüstan);  Sabireti (Gürcüstan);
Axali-Sviri (Gürcüstan);  Zabrat (Azərbaycan);
Pirveli-Sviri (Gürcüstan);  Savralı (Batı Azərbaycan);
Qala-Suvar (Azərbaycan);  Zubi (Gürcüstan);
Bilə-Suvar (Azərbaycan);  Şabran (Azərbaycan);
Şubara (Gürcüstan);  Samurlu (Batı Azərbaycan).


Z.V.Toğan subar hakimiyətinin Qarabağdan Van hövzəsinə qədər (Vaspurakan) ərazini əhatə etdiyini yazır. (90) Aran və Şirvanda suvarların yarım milyon (100 min ev) olduğu da vurğulanır. (91) Lakin o dövr üçün çox böyük rəqəm olan bu say təkcə Azərbaycan üzrə deyil, Dağıstanda oturan suvar/savir boylarını da əhatə edirdi. İbn Xordadbeh yazır ki, «al-Babdan sonra suvar hökmdarının torpağıdır». (92)

Bəzi mənbələrdə xəzər şəhəri kimi verilən Qəbələni subar konfederasiyasının başkəndi sayanlar vardır. Doğrudur, bir müddət həm Dəryal, həm de Dərbənd keçidinin nəzarəti subar boyunun əlində olmuşdur, lakin Şirvan-Aran bölgələrində oturaq yaşamlı dəmirçi və heyvandar subarlardan fərqli olaraq, V-VI əsrlərdə daha çox savaşla dolanan atlı subarların bir qismi daima hərəkətdə olub, vaxtaşırı yerini dəyişən yarımköçərilər idi. Güney və Quzey Qafqazın ayrı-ayrı bölgəsində at oynadan subar boyundan birinin xəzər (azər)-alban boylannın əzəli yurdu olan Qəbələ civannda görünməsi təbii idi.

Dərbənd-Beşbarmaq arasında yerləşən subarların Sabiran (Şabran) adlı şəhər-qalası Oğuz dastanlarında silinməz iz buraxmışdır: «Oğuz (xan) Şamaxıya çatdı və orada ondörd gün qaldı. Bu günlərdə Şəbəran camaatı xəzinəyə bac-xarac verdi». (93) M. Kaşğari oğuz şəhərlərindən birinin adı kimi verdiyi Sır-Dərya yaxasında, yaxud Azərbaycanda olan Sabiran adının yazılışına da toxunur. (94) Hər halda, bəzi mənbələr türklərin mifik alp-əri Əfrasiyabın başkəndi sayılan Şabranı Azərbaycanda verır, A. Bakıxanov da «Gülüstan-i İrəm» dedikdə, Şabran mahalını nəzərdə tutduğunu yazır. (95)

Məncə, Strabonun qeyd etdiyi Alban elindəki 26 boydan biri də bu suvar boyudur, çünki Alban dövləti çağında onun ərazisində yaşayan suvar boyunun savaşlarda aktiv iştirakı, hətta, VI əsrin əvvəlində buralarda hegemonluq etməsi bəllidir. İran-Bizans savaşlarında gah perslərə, gah da rumlara yardım edən atlı suvarların savaş taktikası, mükəmməl hərbi texnikası və silahları haqqında çox qiymətli tarixi bəlgələr vardır. (96)

Subar atlıları ən bahalı muzdlu əsgərlər kimi böyük dövlətlərin ordusuna cəlb olunurdu. Bu baxımdan, Zaxari Ritorun hunlara aid verdiyi bəlgə diqqəti çəkir. (97) Bəzən belə savaşa bir boyun döyüşçüləri, bəzən də bir neçə boy birliyinin qüvvələri cəlb olunurdu. Rum imperatoru Theodosinin 395-də ölümündən sonra Quzeydən gələn hunlara qoşulan subar boyları Basıq və Kıırsıq adlı başbuğların rəhbərliyi ilə Güney Qafqazdan Anadolu üzərinə axın edirlər. Bu atlı subar-hun əskərləri Ərzurum, Karasu-Fərat vadilərilə Malatya və Kilikia tərəflərə keçib, Urfa (Edessa) qalasına hücum etmiş, Qüdsə qədər enmişdilər. Roma imperatoru Arkadios dönəmində (398) belə bir axın kiçik ölçüdə bir daha təkrar olunmuşdur. (98) Hun qüvvələrinin zəiflədiyi çağlarda artıq savaşlarda subar boy birlikləri suvar//savir adı altında görünür.

Mərkəzı Bələncər olan suvar konfederasiyasının başbuğu Balaq (βαλάχ) öləndən sonra yerini onun dul qalmış Buğarıq titulunu və ya Boğarıq (βωαρήξ) adını daşıyan «kişi kimi təpərli və ağıllı» xatunu tutur. Bu xatun 527-də bağlanan müqavilədən sonra Bizansla yaxın əlaqə qurur. Lakin ona tabe olan 100 minlik ordunu təşkil edən boylardan bəzisi rumlara yox, sasanilərə yaxınlıq siyasətini üstün tuturdu. Adı dəqiq bilinməyən «iç hun» boyundan İrana yardım üçün Dəryal yolunu keçən 20 minlik qoşunu Buğarıq Azərbaycanda yaxalayıb məhv edir. Bu iç hun başçılarından Γλώνης (Oqlon) öldürülür, Στύραξ (Öz-Turac, yaxud Turac) isə tutulub Konstantinopola göndərilir, onu da orada öldürürlər. (99) Diqqəti çəkən son savaşlardan biri 555-də olur. Aqathiyə görə, 2 min sabir Balmax, Kutilzis, İliqer adlı başçıları ilə rumlara yardım edib, sasani alayını məhv edirlər. (100)

Beləliklə, Azərbaycanda subar hegemonluğu (503-558) təxminən yarım əsr davam etmişdir. (101) Quzey-Qafqaza gələn avarlarla savaşda məğlub olan subar boybirliyi dağılandan sonra onların bir qismi Azərbaycanda qaldı, bir qismi də Xəzər dövləti çağında İtil yaxalarına qalxdı. Daha sonralar isə İtil çayı yaxasından subarların bir hissəsi Batı-Sibirin Tümen bölgəsinə, sonralar burada yaranacaq Sibir xanlığı torpağına keçdi. (102)







Quzey-Qafqaz və İtil çayı yaxalarında Subar Bəylikləri

Burada öncə Göytürk, sonra Xəzər elinin tərkibində olan subarlar Böyük-Bulqar eli dağılandan sonra doğuya çəkilən bulqarlara qoşulub, İtil çayı boyunca yuxarı qalxdılar. Buralarda ortaya çıxan Sumer-kənd, Suvar, Samara şəhəri və sonralar Sibir xanlığında yayılan toponimlər qədim subarlara aid olan İkiçayarası yeradlarının təkrarıdır. Azərbaycan - Dağıstan üzərindən Batı Sibirə qədər gedən subarların marşrutunu əks etdirən bu xəritədə kursivlə verdiyimiz adlar Altın Ordu çağına qədər qalmışdır: (103)

Bu köçü əks yönə çevirən tarix uzmanları yerini dəyişən onomastikaya fikir vermədiyi kimi, Dağıstan ilə Batı-Sibir arasında ortaya çıxarılan qədim türk arxeoloji kulturunun üzərindən də sükutla keçirlər, çünki arxeologiya məsələsi «Quzey Qafqaz xalqlarının tarixi» adlı kitabda olduğu kimi, doğudan gəlmə fikrində ziddiyət yaradır. Belə ki, həmin kitabda suvar boylarının V-VI əsrlərdə Sibirdən gəlməsi və həmin əsrlərə aid suvar məskənlərində ortaya çıxan arxeoloji bəlgələr haqqında yazılır:

1) «Başqa hun boylarının böyük bir ittifaqı savirlərin (suvar, subar, sibir) adı ilə bağlıdır. Daha güclü boyların təzyiqilə onlar Batı Sibirdən çıxıb, Volqa çayının aşağı axarında hər iki sahildə oturur və Dərbəndə qədər Kaspi dənizi yaxalarını, Qafqaz dağının ətəklərini ələ keçirirlər». (104)
2) «Dərbənd, Urtsex, Tarqu, Yuxarı Çiryurt, Cimikənd, Manas, Utamış və sair yerlərdə üzə çıxan arxeoloji bəlgələrin çoxu Dağıstanın Güney Qafqaz və Yaxın Şərq ölkələrilə hərtərəfli geniş əlaqəsini göstərir». (105)


Necə olur ki, Sibirdən Dağıstana gələnlərin maddi kulturu Sibiri deyil, Azərbaycan və Ön Asiya kulturunu əks etdirir? Halbuki, bir az da keçmişə ensək, yeni eranın ilk əsrlərinə aid türk basırıqlarının Əskiyurt, Terek, Alxanqala, Tarqu, Tarki (İstisu), Qarabudaxkənd, Toprakkala və Şarakunda üzə çıxdığını görərik. Dağıstanda daha qədim dövrə endikcə türk izi itmir. Etnokultur əlaqələr fonunda buranın qədim türk toponimlərini tədqiq edən V.Q. Kotviç bu əlaqələrin m.ö. II-I minillərin qovuşuğunda gerçəkləşdiyini yazır. (106) Müasir Tarki kəndində XVII əsrin sonunda tapılan mixi yazı nümunəsi aydın göstərir ki, İkiçayarasından Dağıstana köç olmuşdur, çünki burada mixi yazıdan istifadə edən xalq yox idi. (107)

Əvvəlki bölmədə Quzey-Qafqaz və Dağıstanın Azərbaycanla əlaqəsi, bu əlaqənin hələ m.ö. III minildən başlaması haqqında danışmışdıq. Vaxtilə Kür-Araz kulturunun quzey sınırı içində olmuş Dağıstan və Çeçen elini əhatə edən ərazinin m.ö. II minilin ortalarında da Azərbaycan arxeoloji kulturu ilə yaxınlığı Qayakənd-Xoroçoy (Qaraçay) arxeoloji kulturunda əks olunmuşdur. Dağıstan və Quzey-Qafqazda oturmuş subar boyları barsil, xəzər, bulqar, kumuq və sonralar bura gələn hun boyları ilə iç-içə yaşadığı üçün bəzi qaynaqlar bu boy adlarını sinonim etnonimlər kimi işlədir. (108) Prokopiyə görə, çoxsaylı savir boyları çoxlu qollara ayrılır və bu boy başçılarının pers şahı və rum imperatoru ilə qədimdən (!) dostluq əlaqəsi vardır. (109) Savirlərin bu bölgədə qədimdən (V əsrdən əvvəl) yaşadığını V. Qukasyan da qeyd etmişdir. (110)

Qədim türk tarixi yaddaşını əsrlərlə yaşadan Oğuz dastanlarında İtil yaxası qədim türk yurdu kimi əks olunur. (111) Dağıstandan Xəzər dənizi yaxası ilə yuxarı İtil və Yayık (Volqa-Ural) arasına keçən subarlar burada formalaşan bulqar (tatar), başqord və subar türklərinin soykökündə önəmli yer tutmuşdur.

Daha yuxarıda yerləşən çuvaşların adı (suvas) suvar etnonimini xatırlatsa da, onların etnogenezi suvarlardan çox öncə bura sızan türk boyu ilə bağlıdır. Bu bölgəyə subar (suvar) boyları ilə yanaşı, subi boyları da gəlibmiş, lakin onlar Xəzərin batı yaxaları ilə deyil, olsun ki, Xəzərin doğusu ilə Xarəzm üzərindən gəlmişlər. Çünki başqordlar içində geniş yayılan subı-min (Sıbı-meñ), yayık-sıbı-meñ boylarının damğaları və subi boyunun mənşəyindən danışan R. Kuzeyev onları Orta Asiya kızıl-kurt boyu ilə bağlayır. (112) Bu da yuxarıda gördüyümüz Güney-Azərbaycandakı subi boyu və ya qızıl boyunun subar qolu ola bilər.

İtil-Bulqar dövlətində subarların önəmli yeri olmuş, burada Suvar adlı şəhər də ortaya çıxmışdır. Zaman-zaman bəzi subar boylarının buradan doğuya keçib, Tümen bölgəsində oturması, burada İsker şəhərinin sonralar Sibir adı alması bəllidir. Altın Ordu dövləti dağılandan sonra ərazilərində ortaya çıxan xanlıqları sadalayan bulqar alimi Şihabetdin Mərcani yeddinci xanlıq kimi Sibirdən bəhs edir, Sibir şəhərinin yerində öncə İsker adlı şəhər olduğunu vurğulayır: 

«Cidençese - Seber döwləte. Hacı Möxəmməd xan bine Qalı həm anıñ balaları döwləte. Baş kalaları Tubıl şəhərennən 12 cakrım cirdə İsker, yaqni ikinçe isem belən Seber isemle şəhər bula». (113)

Altın ordu dövləti parçalanandan sonra yaranmış Sibir xanlığının adı öncə bu bölgəni əhatə edirsə, ruslar buranı tutandan sonra bu Batı-Sibir bölgəsinin adında coğrafi tutum anlamı doğu yöndə get-gedə genişlənib böyüdü. Sibir adının subar (suvar) boylarının adından yaranması isə elmdə çoxdan qəbul olunmuş gerçəklikdir. (114)

Beləliklə, subar boyları haqqında olan bəlgələrin tarixi ardıcıllığı bizi İkiçayarasından Sibirəcən gətirib çıxardı. Hidronimləri tədqiq edən F. Q. Qaripova Ukraynada Sibir, Samara və Suvarel çaylarını, Batı-Sibirdə Sivar, Suvariş ve Tatarstanda Suvar, Suvarley, Suvarlı çaylarını qeyd edir. (115) Arxeoloji, onomastik və yazılı bəlgələrin işığında subarların miqrasiya yolunu və azacıq da olsa, bu yolun yönünü tuta bildik. Həmin marşrutu tərsinə çevirənlərin də yanıldığını gördük. 

Bura qədər deyilənlərə yekun vurmadan öncə, subar və su adı ilə bağlı yuxarıda sadalanan etnonim və etnotoponimləri bir daha sıralayıb, ortaya çıxan sistemi gözdən keçirək.


Dəclənin doğusu, İkiçayarası və Anadolu
(ölkə) Subar(tu)
(bölgə) Şubartu
(boy) subari
(bölgə) Şubar
(ölkə) Subi
(boy) subi
(ölkə) Su
(boy) su
(ölkə) Sper
(qala) Sipar
(şəhər) Sippar
(ölkə) Sumer
(çay) Şamur
(şəhər) Samara
(şəhər) Şabireşu

Azərbaycan, Qafqaz, Dağıstan, İtil-Yayık yaxası və Doğu ölkələr
Subar, Suvar, Bilə-Suvar, Qala-Suvar
Şibertu, Şiberti
subar, suvar, savir, Σάβιροι, Σαπειρες
Şubare, Şubar-oba
Subi, Zubi
subi, suvbi
Su (dövlət)
su (boy)
Seper, Soper
Sibare, Sibir
Sipar
Sumer-kent
Samur, Samurlu
Samara, Sabiran
Şabran, Saparda, Sabirkənd


Göründüyü kimi, yalnız su/subar etnoniminin morfonoloji variantları xeyli onomastik paralel ortaya qoyur. Bu sıraya subar boylarının İkiçayarasından doğuya apardığı Tarxu, Turxu, Urme, Urum, (H)Aran, Balıx, Barsip, Xalpu, Upa, Penzu kimi onlarla toponimi, subar boyları ilə doğuya çəkilən şadılı, şatırlı, kumuq, kuman, toqar adlı boyları da əlavə edəndə bir sistem təşkil edən onomastik yerdəyişmə olayı ilə qarşılaşırıq. Yeni toponimlərin eyni bölgədə ortaya çıxması da diqqəti çəkir. Belə ki, Tarxu, Urme Dağıstanda Tarki, Urme şəklində, Subar, Samara, Penzu İtil yaxası və Batı-Sibirdə, Suvar, Samara, Penza kimi, qədim subar-şadılı Ata (Ata-uni) yeradı Şabran bölgəsində dağadı, Xızı-Siyəzən arasında çayadı kimi təkrar olunur. (116) Şəxs adlarının da bu sistemdə önəmli çəkisi vardır:


Arisen - İlk subar adlarından olub, böyük bəy titulu daşıyır. (117)
Ersen - Ak Orda xanı (Erzen).
Kurum - Bir il (m.ö. 2141-2140) hakimiyətdə olmuş qut elbəyi. (118)
Kurum - VIII əsrdə Avar dövlətini dağıdan bulqar xanı.
Kurum - XIV əsrdə Altun Orda xanı.
Uraka - Büsutun yazısına görə, Babildə üsyan başçısı ermən (subar).
Uraka - 1640-da noqay xanı.
Urak - XVəsrin sonunda Kazan bəyi. (119)
Şadi-Teşub - Subar bəyliyinə qonşu bölgənin böyük bəyi.
Şat-ammu - Aratta elində sarayda məmur.
Piri-şad - Azərbaycanda m.ö. IX əsrdə qızıl-subar boyunun böyük bəyi.
Türk-şad - 576-da bir türk bəyi (Τούρξαδος). (120)


Qədim suvarlar içində Dədə (Dada), Ata, Baba, Puta və sonralar Akkan, Balaq, Boğxan, İligər adları yayğın olduğu kimi, türk toplumunda da bunlar geniş işlənir. Subar boyu ilə bağlı şəxs adlarına qoşulan subar sözü qədim çağlardan bəllidir. Belə ki, öncə İkiçayarasında Amar-Subara, Lunin- Subara (Lu-dNin-subara) kimi və V.V. Struvenin erkən Laqaş sülaləsi çağında məbəd qulluqçuları və qulları içində verdiyi Şubur-Ana, Şubur- Baba, Şubur-Tur, Şubur kimi işlənən adlarda adamın subar boyundan olması bildirilir. (121) 

Sonralar isə çağdaş azərlər içində Suvar, Xansuvar şəklində gördüyümüz və qaynaqların verdiyi Sabir, Soper, Zopir adları artıq boyadının antroponim kimi işlənməsidir. Məsələn, hun adı Zaber-qan, Türk xaqanı Spar-zevqun (Simokatta),1221-də Çinə gedən ağ-tatar elçisi Subar-xan, Sper bəyliyi çağında bahadır Subar-maxi, m.ö.V əsrdə saqa elbəyi Spar-qapith, Tomirisin oğlu Spar-qapis, V əsrdə aqathirs (ağacəri) elbəyi Spar-qapith və bu kimi onlarla şəxs adındakı subar/spar sözü artıq əvvəlki etnonim anlamından uzaqlaşıb, subar boylarının sonralar qazandığı «cəsur atlı» epitetınə köklənmişdir. Etnonim və toponimlərdən fərqli olaraq, şəxs adlarının daşıdığı etnik informasiya zəif olsa da, verilən misallar toplu halda yuxarıda qeyd etdiyimiz sistemi qüvvətləndirir.

Subar boyları haqqında yuxarıda deyilənlərin qısa xülasəsini belə vermək olar: Carmo kulturunun daşıyıcılarından prototürk əkinçi-maldar uruqları Zaqros dağlarından Dəclə yaxalarına və zaman-zaman Dəclə ilə Fərat arasına keçib, burada əkinçiliyi inkişaf etdirmişlər. Bu iki böyük çay arasına yayılan prototürk uruqları ümumi subar adı ilə tanınsa da, hər bir uruğun özəl adı vardı.

İkiçayarasında bir-birinin ardınca yaranıb, ətraf bölgələrə yayılan Xasun-Samara, Xalaf, Quzey-Ubeyd kulturu yazı yaranana qədər adını bilmədiyimiz həmin prototürk uruqlarının yaratdığı kulturlar idi. Bu uruqların böyük bir qismi m.ö. IV minilin, bir qismi də II minilin ortalarında Azərbaycan üzərindən doğu və quzey yönlərə miqrasiya etmiş, oralarda yeni türk Atayurdları salmışlar. Bu köçlərin müxtəlif səbəbləri ola bilər, lakin iki səbəb ortadadır: biri həmin çağlarda kəskin iqlim dəyişməsi ilə yaranan quraqlıq, o biri isə başqa etnosların İkiçayarasına ayaq açması və onların aqresivliyi idi. Ola bilər ki, bu miqrasiyalarda subar adı daşıyan boylardan da bəzisi iştirak etmişdir. Lakin İkiçayarasında qalmış subar boyları hələ uzun müddət burada görünməkdədir.

İkiçayarasına gələn sumer və akadlar yerli idarəetmə üsulundan fərqlənən şəhər-məbəd, şəhər-dövlət hakimiyətini inkişaf etdirərək, subar əhalisini İkiçayarasının quzeyinə və Dəclənin doğusuna sıxışdırmışlar. Yazı yaranan çağlarda Subar Elindən dövlət kimi bəhs olunsa da, ayrı-ayrı bölgələrə səpələnmiş subar boylarının vahid mərkəzdə birləşən siyasi hakimiyəti olmamışdır.Yalnız İkiçayarasının quzeyində Asur və Urartu arasında qurulan Subar bəyliyi iki əsr (m.ö. IX-VII) yaşaya bilmişdir. Buradan Çorox çayı yaxalarına çəkilən subarların burada başqa türk boyları ilə birlikdə yaşadığı və m.ö.VI əsrdən qaynaqlarda Sper adı ilə qeyd olunan bölgə Mada, sonra Əhəməni, Selevki və Bizans dövlətlərindən asılı türk boy birliklərinin Sper bəyliyi idi. Uzun müddət bu bəylik öncə Rum-Ərsaq, sonra Sasani-Rum savaşlarının meydanı olmuş, savaşlarda Quzey və Güney-Qafqazdan gələn suvar atlıları aktiv iştirak etmişlər. İslamaqədər xristian türklərindən ibarət olan bölgənin əhalisi islamdan sonra Anadoluda türk bəyliklərinin qurulmasında böyük rol oynamışlar.

Azərbaycan və Dağıstana keçmiş subar boyları ayrı-ayrı çağlarda türk boy birliklərinə öndərlik etmiş, V-VI əsrlərdə Azərbaycanın bir sıra bölgələri subarların əlində olmuşdur. Subar boybirliyinin siyasi hakimiyət mərkəzi Dağıstanda idi. Onların 100 min döyüşçüsü olsa da, avarlara yeniləndən sonra müxtəlif istiqamətə dağılmışlar. Bir qismi bulqarlarla İtil yaxası boyunca yuxarı qalxmış, bir qismi Dağıstanda qalmışdır, bir qismi də Azərbaycana dönmüşdür. İtil yaxasına gedən subarlar burada Bulqar dövlətinin qurulmasında, daha sonralar isə Sibir xanlığının yaranmasında iştirak etmişlər. Beləliklə, subar boyu təkcə azər xalqının deyil, həm də başqord, bulqar (tatar) və Anadolu türklərinin etnogenezində önəmli yer tutur. Arxeoloji kultur, etnoqrafik bəlgə və yer-yurd, çay-dağ, etnonim, antroponim kimi onomastik bəlgələrdə iz qoya-qoya Sibir xanlığına qədər subar adı davamlı olaraq, yazılı qaynaqlarda dörd minildən artıq görünür. Ən qədim çağlardan İkiçayarasında yaşayan subar boyundan bir bölümün m.ö. I minil Güney-Azərbaycanda, m.ö.VI əsrdən isə Doğu-Anadoluda, m.ö. II əsrdən Güney və Quzey-Qafqazda, Dağıstanda, VIII əsrdən İtil-Bulqar dövlətinin tərkibində, X XV əsrlərdə Batı-Sibirdə görünməsi onların Ikiçayarası, Doğu-Anadolu, Güney-Qafqaz, Dağıstan, İtil yaxası və Batı-Sibir marşurutunu xronoloji ardıcıllıqla ortaya qoyur.

Sibir türklərinin folklorunda Doğu-Anadolu və Azərbaycan motivləri saxlandığı kimi, Anadolu xristian türkləri də Van hövzəsinə batıdan gələn haylar kimi qədim Burat çayadını Aratsan və doğudan səlcuqlarla gəlib ərəb deyimli Fırat variantını işlədən türklər kimi yox, dilində və yaddaşında minillərlə yaşatdığı Murad-su (Burat-su) deyimini saxlamışlar.

Hələ İkiçayarasında yaşayarkən daima savaşlar içində olan subarlar Oğuznamələrdə və Dədə-Qorqud boylarında olduğu kimi, həm başqa etnoslarla, həm də onoqur, sarıoqur, oqur, avar, iç-hun kimi türk boyları ilə savaşmışlar. Lakin doğudan gələn bu boylarla yola getməyən subarlar eyni tarixi taleyi yaşayan və çox vaxt birləşməyi bacaran saqa, mitan, ermən, toqar (dugər), kuman, kumuq, bulqar, barsil və yerli xəzər-azər, aran-alban boyları ilə qurulan konfederasiyaların üzvü olmuşlar. Subar bəyliyi dağılandan sonra getdiyi yerlərdə yaşamını savaşla təmin etmək durumunda qalan subarlar mükəmməl savaş texnikasına yiyələnmiş və dövrünün ən güclü atlı döyüşçüləri olmuşlar. Öygülərə səbəb olan silahlarını subarların özü hazırlayırdı, çünki hələ Subar bəyliyi çağından onlar metalişləmə və dəmirçilikdə böyük təcrübə qazanmışdılar.

Beləliklə, Ərbil-Kərkük bölgəsindən İkiçayarasına enən heyvandar-əkinçi prototürklər burada subar (çay adamı), Urmu yaxasına çəkiləndən sonra ilxıçı, Arazdan yuxarıda isə igid süvari oldular. (122) Subarların miqrasiyası türklərin ilkin Atayurdu Ön Asiyada başqa türk boylarının tarixinə də işıq tutur. Subarların Ön Asiyadan quzey və doğu yönlərə köç sxemini belə vermək olar:






dipnotlar:
24) Artıq m.ö. II minilin əvvəlində əhalisi xeyli samiləşmiş bu bölgə haqqında V.İ.Avdiyev yazır ki, «ən qədim zamanlardan, Asur ərazisində ola bilsin, V-IV minildən Ön Asiyanın yuxarı bölgələrində yerli sakin olan subarlar yaşayırdı» (Авдиев, 1948, 352; 1953, 412).
25) Меликишвили, 1954, 100.
26) Gelb, 31-32.
27) Kafesoğlu, 1989, 148; Gürün, 1984, 155; ОКЖА, 84-88; Bu etnonimdə «Su çölü» və ya «quzey» mənası olduğunu söyləyənlərin fikrində isə məntiq yoxdur (Дьяконов, 1967, 113; Меликишвили, 1954, 100).
28) Мизиев, 1990, 47; Çÿêèåâ, 1988; Azər xalqı, 2000, 129-130.
29) XXVI əsrdə Laqaş ensisi Eannatum, XXIV əsrdə Ulu Sarqon və XXIII əsrdə Naram- Suenə aid yazılarda subarlar xatırlnır. XVIII əsrdə isə Hammurapi 1762-də Subartu və Qutium ölkələrinin ordusuna, 1755-də Subartu, Kakmum və Turuku ittifaqına qalib gəldiyini qeyd edir (Юсифов, 1987; ИДВ, 1988, 103-107). I Adadnerari (XIV əsr) özünü «güclü kassi, kuti, lulume və subar boylarını məhv edən hökmdar» adlandırır (АВИИУ ¹1); I Tukulti-Ninurta (XIII əsr) özünü «subar ölkələrinin qüvvələrini qıran», ətraf ölkələrin, o cümlədən «quti və subar hökmdarı» adlandırır, «subarların bütün geniş ərazili ölkəsini odda yandırdım» - deyir və on subar olkəsinin (bölgəsinin) adını sadalayır (АВИИУ, ¹3, ¹4, ¹8); Azərbaycandakı subarlar haqqında bəlgələr m.ö. IX əsrdən məlumdur, belə ki, asurların 820 və 737-də Madaya yürüşündə Zəncana yaxın Sibur//Sibar qalası da hücuma məruz qalmışdı (Дьяконов, 1956, 135, 200).
30) Юсифов, 1987, 32; AT, 1996, 38-39.
31) Tan sülaləsi yazısında Aralın quzeyində m.ö. IV-III əsrlərdə Su dövlətindən bəhs olunur (Yavuz, 41); Əslində Çin qaynağı Su boyu ilə Aşina soyunu Xəzərin batısında verir.
32) «Die İnschriften der Könige von Aqade» (Hirsch H. “AFO”, 1963) adlı əsərdə verilmiş bu yeganə bəlgədən elamşünas prof. Yusif Yusifov bəhs edir (Юсифов, 1987, 25).
33) Xasun-Xalaf kulturunda bükülü basırıq olduğu halda, basırıqları uzanıq ölübasdırma ilə seçilən şumerlərə aid Ubeyd kulturunun, doğru olaraq, regiona yeni etnosun gəlməsi ilə əlaqəli olduğunu yazırlar (ИДВ, 1983, 87).
34) Subar ölkəsində III minilin sonunda başlanan samiləşmə II minilin əvvəlində daha böyük vüsət aldı. Bu ölkənin batı bölgələrinə batı sami boyları, güney bölgələrinə isə akad-asur boyları sızırdı. Yalnız subar-mitan boylarının bölgəyə gələn hurrilərlə birləşib qurduğu Mitan dövləti bu sami ekspansiyasının qarşısını ala bildi, İkiçayarasının güneyindən fərqli olaraq, quzeyində tam samiləşmə baş tutmadı.
35) Batıya keçən kumanlar əski hat yurdunda yerləşmiş və böyük bir bölgə onların adı ilə Kuman (Komane) adlanmışdır. Müasir Kayseri bölgəsini içinə alan və asur yazısında «geniş ərazili ölkə» kimi verilən bu Kuman bölgəsi ilə orta-subar boylarının yerində - Güney Doğu-Anadoluda ortaya çıxan digər Kuman bəyliyini bir-birindən fərqləndirmək lazımdır. Forrer Orta-Anadoludakı Kumanı Qaşqay ilə eyniləşdirir (АВИИУ, ¹46, 178). Batı-Anadoluya keçən as boyları, görünür, Troyada yerləşmişlər, çünki Avropanın quzeyinə qalxan as boylarının Troyadan gəldiyi qeyd olunur (МЭ, 1970, 10-12).
36) ТУ, 122-123.
37) АВИИУ, №41 (59); Mətndə tərcüməsi «ordugah», «ordu» kimi verilən karâšu sözü diqqəti çəkir (АВИИУ, №42, 20, 2-ci qeyd); Belə ki, burada türkcə kara «piyada» və sü «qoşun» anlamı nəzərə alınsa, karâšu hərbi termininin «ordugah» deyil, «piyadalar» anlamında işləndiyini düşünmək olar.
38) АВИИУ, №54 (122); Maraqlıdır ki, mətndə söhbət Kumux elindən gedir, lakin böyükbəy Mutallu (Mutal) Qurqum elinin başçısı Tarxular’ın oğlu kimi verilir (№54, 72).
39) Halis, 1988.
40) АВИИУ, no.41; ТУ, 57.
41) Трубачев, 1968, 263; Моммзен, 1887, I, 49; İtaliyaya gedərkən etruskların Smirna (İzmir) limanından dənizə çıxması da diqqəti çəkir, çünki *Sumir > Smir/İsmir dəyişməsi mümkündür.
42) Herodot, V. 44-47; VI. 21, 127.
43) Strabon, V. 4.13; VI. 1.13.
44) Azər xalqı, 2000, 129-134.
45) Bu bəylik haqqında Asur çarları I Tiqlatpalasar (1115-1076), Aşşurbelkal (1076-1059), II Adadnerari (911-890), II Aşşurnasirapal (884-859), III Salmanasar (859-824), II Sarqona (722-705) aid yazılarda və Subar bəyliyini 673-də darmadağın edən Asarxaddonun (680-669) yazılarında, həmçinin Urartu qaynaqlarında bəlgələr vardır.
46) ARI, II, 87; ARAB, I, §362.
47) АВИИУ, no.28(52), no.29.
48) URUU-pu-[mu] şa (I)An-xi-ti-şe (KUR)Şub-ri-a-a ak-şu-ud (BA, VI, 46-cı sətir).
49) Upum sonrakı qaynaqlarda Άφουμών və Fum adlanmış, indiki Kulpa yaxın Kulmeri isə sonrakı Bizans qaynaqlarında Χλωμαρών kimi qeyd olunmuşdur (ТУ, 118, 205, 209).
50) АВИИУ, no.67 (ж).
51) АВИИУ, no.67 (г).
52) Söylənən bu məlumatlar asur və urartu dilli mənbələrdə geniş əks olunmuşdur, lakin «Azər xalqı» kitabında verdiyim beş-altı səhifəlik ötəri və ümumi bilgi istisna olmaqla, bugünə qədər nə Türkiyə, nə də Azərbaycan tarixçiləri Subar bəyliyinin tarixi, onun Urmu hövzəsi bölgələrlə əlaqəsi, doğuya - qədim Azərbaycana çəkilən və burada formalaşan xalqın mənşəyində yeri olan digər subar boylan ilə ilişkiləri barədə bir cümlə də yazmamışlar. Halbuki, qədim subarlardan tutmuş, haqqında danışdığımız dövrdəki subarlara qədər onların onomastikası eynilə hər iki regionda təkrar olunur.
53) АВИИУ, №59 (37); Саркисян, 1980, 69, 73.
54) ARAB, №1, § 502; II, § 606; АВИИУ, №26.
55) АВИИУ, №67 (ж, к); Саркисян, 1989, 74-75; Subar ordusunun son məğlubiyətindən bəhs edən mətndə u-par-ri-ru ka-şir-tu e-lat-su deyimi «özünün toplanmış qüvvəsini dağıtdı» şəklində tərcümə edilmişdir. Lakin elat-su deyimi nizami orduya qoşulan subar elatının döyüşçüləri anlamında elat-sü, yəni qədim türkcə elat «əhali» və sü «qoşun» sözlərilə işlənən «elat qoşunu» anlamında yerli termin, subar sözü ola bilər. Yuxarıda asurca mənası bilinməyən bir hərbi terminin də karasu «piyada qoşun» deyimi olduğunu göstərmişdik. Bugün Türkiyə ordusunda eyni anlamda «kara kuvveleri» deyimi işlənir.
56) ARAB, II, § 599; АВИИУ, no.67 (e).
57) УКН, no.4; ТУ, 238.
58) Арутюнян, 1970, 169-170.
59) I Tiqlatpalasara (m.ö.1115-1077) aid yazıda deyilir: «Məğrur, yenilməz subarların ölkəsini tutdum, vergidən imtina edən Alzi və Purulumzi bölgələrini hakimiyətimin boyunduruğu altına saldım, mənim şəhərim Aşşura hər il bac-xərac gətirmələrini qəbul etdirdim. Sahibim Aşşur şan-şöhrətimə uyğun mənə yenilməzləri məğlub edən güclü silah verib, ölkəsinin sınırlarını genişləndirməyi əmr etdi: öz güclərilə hetlərin ölkəsindən (gəlib) Subartu ölkəsində rəbbim Aşşura tabe olan yaşayış məskənlərini tutan 4000 qaşqay və urum mənim Subartuya gəldiyimi eşitdilər, savaşdan qorxub, ayağıma düşdülər. Mən onları var-dövləti, 120 araba və qoşqu boyunduruğu ilə qəbul edib, öz ölkəmin adamlarına qatdım» (АВИИУ, no.10, II, 89).
60) Капанцян, 1947, 201; Azər xalqı, 2000, 288-290.
61) Şadılı boyunun burada yerləşməsi D. N. Sarkisyanın tərtib etdiyi xəritədə əks olunmuşdur (Саркисян, 1989); Urartu çarı Menua buralara yürüş edib, şadılı (İSada 'li-exi) boyuna məxsus Şurişili(ni), Tarxiqama(ni) şəhərlərini və yaxınlıqda olan Xatinaşta(ni), Alzi bölgələrini yağmalayır. Görünür, Sub-Ana (Sebene) çayı yaxasında yerləşən Ata (Ata-uni) şəhəri də şadılı boyuna aid imiş. Lakin N.V. Arutyunyan şadılı boylarının yaşadığı ərazini Van gölünün güney-batısında verir (ТУ, 238); Subar Eli dağılandan sonra başqa boylar kimi, şadılı və şatər adlı boylar da Güney və Quzey Azərbaycana keçmişdi. II Sarqon çağında bir asur yazısı Böyük-Zab çayının Kiçikçaya qovuşduğu sahədəki sol yaxasında müasir Zibar'ın yerində Sibar-qala (Kar-Siparri) ilə yanaşı Şatər (KURSattera) yeradını çəkir (ТУ, 241).
62) Urartu əleyhinə məlumat toplayıb asurlara ötürən Baq-Teşubdan yeni məlumatı ala bilməyən rezident Aşşurdurpanin Asur çarına göndərdiyi məktubda onun xəstələnməsini elçilərdən öyrəndiyini yazır və onların söylədiyi sözləri əlavə edir: «Baq-Teşub xəstədir. Özümüz gedib gördük» (АВИИУ, ¹50, 37).
63) İ. M. Dyakonova görə, dÚG-GAL sumer ideoqramı ilə verilən «Böyük Aslan» Subar ölkəsində tapınaq adı bildirir (АВИИУ, №67, b; 6-cı qeyd).
64) İ Ni-iq-Te-şub şarru-şu la şe-mu-ú a-mat qi-bit-ia a-ner «Mənim əmrimi eşitməyən onun (Subarın) çarı Niq-Teşubu öldürdüm» (Саркисян, 189, 49; АВИИУ, no.70).
65) ARAB, II, § 608, § 611; АВИИУ, no.67 (р).
66) АВИИУ, no.67, (к, н).
67) Daha öncə Əfqanıstan və Hindistan yönündə doğuya miqrasiya edən subar boylarının Hindistanda yerli və gəlmə ari boyları içində əriyib dilini itirməsi mümkündür. Belə ki, Bəlx yaxınlığında Şibirğan bölgəsi (Теhрани, 1998, 161), Hindikuş dağlarında Şibertü keçidi (Vekayi, II, 141) vardır və qədim hind qaynaqlarında m.ö. I minilin başlarından Orta Hindistanda önəmli çəkisi olan və bura gələn ari boylarından fərqlənən sabara (savar) boyları burada bir neçə qola ayrılmış, dillərini itirib, zaman-zaman yerli əhalinin içində ərimişlər (Седловская, 1970, 109-112).
68) MK, I. 30-32, 78; III. 314,156; M. Ergin, düzgün olaraq, «Dədə-Qorqud» kitabının qramatikası üçün qədim Sper və Ak-Saqa (Axıska) bölgəsində işlənən dialetkti əsas götürmüşdür.
69) B. B. Piotrovski yazır ki, Urartu dövlətini m.ö.VI əsrin əvvəlində «güney-doğudan hücum edən midiyalılar və Güney Qafqaz boyları ilə birlikdə hərəkət edən skiflər dağıtdı» (Пиотровский, 1946, 28); B.V. Texova görə, m.ö.VII-VI əsrlərdə Ön Asiyanın geosiyasi durumunu dəyişən hərb olaylarında aktiv rolu olan saqalarla birlikdə Güney Qafqaz boyları, özəlliklə, «Midiya ilə Kolxida arasında geniş ərazidə yaşayan sasper boybirləşmələri də iştirak edirdi» (Texoв, 1980, 11).
70) «Kolxida ilə Midiya arasında yalnız saspir boyları yaşayır» (Herodot, I. 104; IV.34); Bu məlumatı «Midiyadan Speri bölgəsinə qədər» deyimi ilə IV əsr müəllifı Yevseviy də «Xronologiya» əsərində qeyd edir, lakin bölgənin yerini göstərmir (АИОСК, 1990, 165); «Söyləndiyi kimi, Medeya arqonavtları kolxların başkəndi Sibaris şəhərindən 70 stadiy məsafədə olan Ares tapınağına gətirdi» (Siciliyalı Diodor, IV.28.1); «Kolxlara qədər bizar, sapir və s. boylar yaşayır» (Ammian, XXII, 8); «Əsl kolx və çar soyundan olan mahir oxçu Subar-maxi» (Yevnapiy,77) kimi qeydlər və Kolxida qonşuluğundakı Sper bolgəsi haqqında çoxlu bəlgələr vardır (AИOCK, 1990); Gürcü tarixi qaynağında «Sper dənizi» ifadəsi də subarların Qaradəniz yaxasında önəmli çəkisi olduğunu göstərir (КЦ, I, 1955, 9); Ksenefont m.ö. 400-cü ildə burada olarkən Arpa çayının adını çəkir (Anabasis, 7. §19. 18; ВДИ, №2, 1947, 309); Rodoslu Apolloni (m.ö. III əsr) burada sapir boyları ilə qonşuluqda makron, bexir və kolx boyları yaşadığını yazır (ВДИ, no.3, 1947, 280).
71) Меликишвили, 1954, 415-416.
72) Манандян, 1944, 59.
73 Меликишвили, 1959, 232-233.
74) V əsr müəllifi Psevdo-Arrian Apsar (Abşar) çayı hövzəsində yaşayan qədim kolxların sonralar laz adlandığını qeyd edir (AИOCK, 1990, 175).
75) Burada avşar boyunun varlığı Apsar (Skilax, m.ö.VI əsr) və Absar (Plini, Arrian, I-II əsr) şəklində verilən çay və yeradında, bulqar boyu Bulqar dağı adında əks olunmuşdur. Prof. M. F. Kırzıoğlu «Dədə-Qorqud» boylarında Taş-Oğuz (Boz-ok) adlanan bu bölgədə türkcə olan yer-yurd adlarından çoxunun qədim qaynaqlarda işləndiyini ortaya çıxarmışdır. Antik dövr müəlliflərinin burada Askur çayı və Asqur qalası olduğunu qeyd etməsi, Bitlisin Xızan ilçəsində Azqur kəndinin varlığı keçmiş Subar bəyliyilə Sper bölgəsi arasındakı əlaqəni, subarlarda Asqur adının işləkliyini göstərir (Kırzıoğlu, 1992, 205); İkiçayarasında şumer-akad qaynaqlarında əks olunan Kiengir, Subar adları Osmanlı dövləti çağında Anadoluda təkrar olunur: «Kengiri sancağında semer, semerli türkman yörükləri», «Meraş əyalətində savuran (nam-i diger okurcalu) yörük taifesi», «Alanye sancağında yörük taifesi saburlar» kimi bəlgələr Osmanlı döyləti arxivlərində qalmışdır (OAC, 1979, 638, 664, 669); Bu qaynaqda Mosul əyalətində zibar, Trabzon sancağında zivarlu köcəriləri, Karaman və Aydın sancaqlarında şatırlı türkman yörükləri və həmçinin sivri-karkın, sivri-kaya uruqları qeyd olunur (678, 695, 789, 791-ci səhifələr).
76) Qafası çalışmayan alimlər o qədər «biz səlcuqlar bura Orta Asiyadan gəldik» dedilər ki, Stalin də «haradan gəldiz, qayıdın ora» - dedi və «gəlmişik» deyənlərə əli çatmasa da, bölgənin subarlardan qalma yerli əhalisi Ağ-Saqa (Axıska) türklərini 1944-də qatara doldurub, Özbək-Qazax ellərinə göndərdi. Dədə-Qorqud ləhcəsini saxlayan bu türk boyu bugünə kimi ulu yurduna dönə bilmir.
77) Strabon, XI, 8, 4-5; XII, 3, 37; Psevdo-Kallisfen m.ö. IV əsrdə Misirdə II Nektanabı qorxuya salanlar içində saqa və spor (sper) boyunu qeyd etmişdir (AИOCK, 1990, 46).
78) «Asur kralı Babildən və Kutadan və Avvadan və Hamatla Sefarvaimdən adamlar gətirdi; və onları Samiriyə şəhərlərində İsrailoğulları yerində oturtdu» (II. Krallar, XVII, 24).
79) Дьяконов, 1956, 101, 117-118.
80) N.V. Arutyunyan asur qaynaqlarında URU və KUR determinativləri ilə verilən Kar-Sipar adının Urmu gölündən batıda yerləşən Kar-Zibra və yaxud həmin bölgədə Rəvandüzdən quzey-batıda, Böyük-Zab çayının sol yaxasındakı müasir Zebar ilə eyni sayılan
qədim Zabaria/Tsaparia ilə eyni olduğunu güman edir (ТУ, 102-104, 234-235); Saparda bölgəsini İ. M. Dyakonov Azərbaycanın doğu tərəfində yerləşdirir, E. A. Qrantovski isə onu «batı-midiya bölgəsi» adlandırır (Дьяконов, 1956, 225; Грантовский, 1970, 3 15).
81) İ. M. Dyakonov, doğru olaraq, ilk samiti ц [ts] səsini bildirən işarə ilə yazılmış Si-bar, Siburâ və Siburu adını Sibar şəklində verir və bu bölgənin Zəncan yaxınlığında olduğunu qeyd edir (Дьяконов, 1956, 166, 1-ci qeyd).
82) Дьяконов, 1956, 165-166, 200, 202, 214.
83) АВИИУ, №49.
84) Bu bölgələrin hamısından burada məlumat verməyə imkan olmadığından yalnız asur qoşunlarının müxtəlif illərdə keçdiyi bəzi subar yerləri haqqında olan bir-iki əlavə bəlgəni xatırlayaq: Asur ordusu Böyük-Zab çayı hövzəsində 891-də «arvad kimi danışan Spirmen» uruğundan hədiyə qəbul edir; buralara yaxın Simera əhalisindən 833-də bacxərac alır; 880-də Zamuada Suv dağını keçir; Diala çayının aşağı hövzəsində Sumur (Sumurzi) bölgesinin bəyi Tuni 744-də asurlara yenilir. Sadalanan spir(men), Simer(a), Suv, Sumur(zi) və yuxarıda qeyd olunan adların müxtəlif subar-türk boylarına aid olması bu ərazilərin öncə subar, quti, lulu, turuk, kuman boylarına, sonralar isə mana, mada və azər türklərinə məxsus olması ilə təsdiqlənir.
85) Гадло, 1979, 19-20.
86) V. Radlovun ekspedisiya vaxtı rast gəldiyi so, su-karsa, su-kakmına, tuva boyu sayılan suan/suyan/soyan uruqları su adı ilə bağlıdır, Issık-göldə sarı-baqışların bir tirəsi sabar uruğu (Радлов, 1989, 87-92, 109), Qazax elində Şubaroba təpəadı (ОКЖСА, 1989, 243), Dağlıq-Altayda Şiberti/Şabarta/Şiverta kimi iki-üç kiçik çayadı (Молчанова, 1979, 349) Batı-Sibirdən bura sonralar göçən subarlarla və ya daha qədim çağlaräa İkiçayarasından Əfqanıstana gəlib, buradan Hindistana və Altaya keçmiş su, subar boyu ilə bağlı ola bilər.
87) «Özlərinə bir sığınaq arayan sabirlər Altay-Ural dağları arasındakı düzlükdə yaşayan oqur türklərini batıya atıb, öncə Ural dağların güney-batı tərəfində Tobol və İşım irmaqları çevrəsində yerləşirlər» (Rasonyi, 1996, 77); Guya Altay, Batı-Sibir, Çin sınırı və ya Issıkgöl yaxasından çıxıb, İtil çayını keçəndən sonra onlar Dağıstan və Azərbaycana gəlmişlər. Göründüyü kimi, əksər tarixçilər arxeoloji bəlgələri, şumer-akad və urartudilli tarixi bəlgələri gözardı edib, subarların miqrasiya yönünü tərsinə verən bu yanlış versiyanı qəbul etmişlər (Z.V. Togan, D. Nemet, D. Moravçik, L. Rasonyi, K. Gürün, D. Hamilton, İ. Markvart, M. İ. Artamanov, A.V. Qadlo, Y. R. Cəfərov və başqaları).
88) АИОСК, 1990, 148; Qaynaqlara əsaslanan Z.V.Toğan savirlərin buradan 305-də Güney-Qafqaza keçdiyini yazır (Togan, 1981, 171); Prokopi Kesarialı savirlərin Qafqaz dağlarına yaxın yaşadığını vurğulayır, Stefan Bizanslı isə savirləri Pontun iç bölgəsində Ptolemeyin qeyd etdiyi qədim sapir boyu sayır, onların çoxsaylı olub, ayrı-ayrı qollara ayrıldığını, bəzilərinin rum imperatoru, bəzilərinin də pers şahı ilə dostluq etdiyini yazır (Гадло, 1979, 86); Macar alimi Geza Feher və bəzi rus tarixçiləri də (N. Merpert, Y. Fedorov və Q. Fedorov) savirlərin burada yeni eranın ilk əsrlərindən yaşadığını yazırlar (Bax: Feher, 1984, 7; Джафаров, 1985, 73).
89) ЕАМТИЛ, 361, 375; T II. 1980, 49, 68, 72, 101, 172.
90) Togan, 1981, 172.
91) Gürün, 1984, 156.
92) Ибн Хордадбех, 1986, 109, § 63.
93) Rəşidəddin, 21; Azərbaycana quzeydən girən Oğuz-Xana təslim olan məhz bu Şabran qalasıdır. Şabranda aparılan arxeoloji araşdırmalar bu şəhərin Orta əsrlərdə də ölkənin siyasi-iqtisadi həyatında böyük rol oynadığını ortaya çıxardı
94) M. Kaşğari سبران (Sabran) adındakı ilk səsin ص hərfi ilə yazılmasını düzgün saymır və bu səsin türk dillərində olmadığını qeyd edir (MK, I. 436).
95) Togan, 1981,168; Бакыханов, 1991, 19.
96) İbn al-Faqih «xəzər süngüsü, xəzər atı və sabir zirehi» öygüsü ilə subarların ən yaxşı qılınc düzəldən olduğunu vurğulayır; V əsr yazarı Bizanslı Prokopiyə görə, «Yer üzündə insanoğlu yaşayandan bəri, nə yunan, nə də iranlıların qafasından sabirlərin kullandığı silah (növü) çıxmamışdır» (Rasonyi, 1996, 63); 
Ağır silahla süslənmiş savir atlıları lazım gələn anda düşmən ərazisində tez düzələn ordugah qurmağı bacarırdılar. Aqafinin verdiyi məlumata görə, onlar süvarinin başı görünə bilən hündürlükdə yerə vurduqları dirəklərlə qurduğu hasarı dəri ilə örtüb içəridəki çadırları dövrəyə alan müvəqqəti qala düzəldirdilər (Гадло, 1979, 88);
Sasanilərə qarşı savaşda rumlu ordusunda Sapir (Σάπερ) adlı bahadırın qəhrəmanlığı adamı valeh edir. Dağıstanda hun boyları kimi verdiyi barsel, onoqur ve sabir (Σαβίροι) boylan ilə tanış olan Feofilakt Simokatta ağıl və gücdə Herakldan üstün saydığı Sapirin ucu itilənmiş çivlərlə (pazlarla) qala divarına necə ustalıqla dırmaşdığını, əlindəki çivləri bir-bir divardakı daşların arasına salaraq, onlara söykənib yuxarı qalxmasını böyük heyranlıq və zövqlə təsvir etmişdir. P. Goubert burada verilən Sapir şəxs adının sabir boyu ilə əlaqəsi olduğunu yazır (Симокатта, 1957, 60; 202-də 31-ci qeyd).
97) Zaxari Ritora görə, hələ 503-də Dərbənd yolu ilə İrana hücum edən hunlar şaha deyir: «Tanrının bədbəxt yabanı heyvanlar tək quzey-batı ölkəyə qovduğu barbar adamlara verilən sədəqə kimi, Pers dövlətinin bizə verdiyi kifayət deyil. Biz silahla, yay-oxla, qılıncla yaşayırıq, türlü ət yeməklərilə özümüzü doyururuq. Rum imperatoru göndərdiyi elçilər vasitəsilə söz vermişdir ki, əgər perslərlə dostluğu pozsaq, verilən muzdu artıracaq. Bu səbəbdən, ehtiyatımızı götürüb, bu yola (yürüşə) hazırlandıq. Ya rumların vəd etdiyi qədər verin, sizinlə müttəfiqliyi təsdiq edək ya da ki, verməsəniz, savaşı qəbul edin» (Пигулевская, 1941, 149-150).
98) İA, 12. 11. 155.
99) Adların yazılışı üçün bax: Moravcik, 1983, II. 85, 108, 114, 292-293.
100) Джафаров, 1985, 97; Məncə, bu adların yunanca yazılışı (Moravcik, 1983, II, 86,362) belə oxunmalıdır: Barmaq (βαρμαχ), Kut-ilçi (Κούτιλζις) və İliq-ər (΄Ίλιγερ).
101) Azərbaycanda 503-cü ildən aktivləşən subar savaşlarının qısa xronologiyası belədir: 515-516-da Anadoluda Ankara çevrəsinəcən gedib savaşırlar; 521-də Zilgibi adlı başbuğun komandanlığı ilə burada öncə rumlarla, sonra iranlılarla vuruşurlar; 527-də Anadoludan Azərbaycana çəkilirlər və Bizans imperatoru Yustinye ilə sasanilərə qarşı müqavilə bağlayırlar; 531, 545, 550-551, 555-də sasanilərlə vuruşan rumlara yardım edirlər; 556-da rumlara qarşı vuruşub, böyük itki verirlər; 558-də Dərbənd civarında avarlara məğlub olub, bir qısmi Şirvan-Arana, bir qismi də Dərbənddən quzeyə çəkilib 568-də Göytürk, sonra Xəzər dövlətinin tərkibində yaşayır (İA, 12. II, 172; Togan, 1981, 171; Gürün, 1984, 156; Rasonyi, 1996, 77-78; Гадло, 1979, 87-90; Джафаров, 1985, 93-97).
102) «II Bitik»də Türklərin sonrakı Atayurdlarından danışarkən İtil-Ural arasını Atayurda çevirmiş qədim türk köçlərini və İtil çayının orta axarında qədim bulqar yaşayış məskənlərinin xəritəsini vermişdik.
103) Subar boyu baxımından Səmərqənd adı diqqəti çəkdiyi kimi, yeri dəqiq bəlli olmayan Sumer-kent adı da ilgincdir. Həmin şəhərdə 1254-də olmuş Rubrukun verdiyi məlumata görə, Sumerkent Saray şəhərindən güneydə imiş. Görünür, sonralar su altında qalmışdır (Егоров, 1985, 118-119).
104) ИНСК, 97.
105) Eyni qaynaq, 109.
106) ДД, 1974, 206-207; Həmin çağda Dərbənd və Dəryal keçidi saqa-qamər boylarının quzey-güney yolu üzərində olduğundan burada türk izlərinin varlığı təbiidir.
107) N.V. Xanıkovun «Tarki yazısı kimi bəlli olan mıxi yazı» adlı məqaləsi bu kitaba əlavə olunmuşdur: K. Ritter. İran. I t. SPb., 1874, 501-506 (ДД, 1974, 221); Türklərin mixi yazıdan istifadə etmədikləri bəllidir, lakin hurri və ya urartuların istifadə etdiyi mixi yazını Dağıstana onlardan birinin gətirməsi faktının özü köçün yönünü göstərdiyi üçün önəmlidir. Dağıstan və Çeçen elində tapılan asur və urartu dəbilqələri, Luristan xəncərləri, Güney Qafqaz baltaları və atçılıq nəsnələri həmin çağların əlaqəsini göstərir (ИНСК, 65).
108) Göysu hövzəsində Qazıkumux bölgəsinin adı X əsrdən Qumıq adlansa da, XII əsrdə monqol istilasına qarşı avanqard qüvvə olan kumuqların bura gəlməsi tarixi qədimdir.
109) Гадло, 1979, 86.
110) Xəzər dənizi sahilində türk etnosunun nəinki ərəb işğalınadək, hətta, hunlaradək mövcudluğu haqqındakı fikirlər gerçək faktlara əsaslanır. «İndi türk-savirlərin bizim eranın ilk əsrlərindən (bəlkə də daha tez) Xəzər dənizi sahili boyunca Qafqaz dağları yanında Dərbəndəcən yaşamasına, demək olar ki, şübhə edilmir» (Ворошил, 1993, 16).
111) «Oğuz Xanın zamanından Cingiz Xan zamanınacan Tın, Atıl və Yayık - bu üç Su yaxasında kıpçaqdan özgə el yox idi. Dörd miniləcən o yerdə oturdular. Onun üçün o yerə Dəşti-Qıpçaq derlər» (Şecere-i Tərākime, 238-239); Uyğur «Oğuznamə»si Oğuzkağanın Urum-kağanı ilə vuruşandan çonra İtil yaxasına gəlməsindən bəhs edir.
112) Кузеев, 1974, 300-301, 309, 315, 468-469, 505.
113) Mərcani, 1989, 48.
114) Togan, 1981, 404 (72); Rasonyi, 1996,77; Bütöv Sibirə adını vermiş Seber şəhərinin yaşı o qədər də çox deyil. Hətta, onun XIV əsrdə salındığı söylənir (Егоров, 1985, 131).
115) Гарипова, 1991,180; XIX əsrin sonunda hay (erməni) soyunun kökünü Sibirdə axtaran S. Patkanov «Sibir xanlığının ərazisində Saber, Soper, Savri, Sıbır, Sıvır toponiminin yayğın olduğunu, son əsrlərə qədər burada Ay-Sabar, Kün-Sabar şəxs adının işlənməsini, yerli əhalinin yaddaşında sıvır (suvar) adının qaldığını öyrənmişdir» (İA. 12. II. 192); Monqol çağında ərəb qaynaqlarında işlənən Bilād-Sibir, al-Sibir, İbir-Sibir adları üçün bax: İA, 10. 585 (V. Bartoldun məqaləsi). Orta Dnepr çayının qolu Sibir, Bolqarıstanın batısında Σούβαρας qalası və İlliriyada Συβερος πολις şəhəri (Трубачев,1968, 263) kimi Balkanlarda ortaya çıxan subar adları, görünür, hunlara qoşulub oraya gedən, ya da Tuna bulqarları ilə batıya köçən bir qisim subardan yadigar qalmışdır.
116) Subarların şadılı-şatırlı boylarına Azərbaycanda və Quzey-Qafqazda (şatoy-kubutı boyu, Şatili kəndi) rast gəlmək olur. Fəratın batısında verilən Bit-Aqusi (aqusi yurdu) bölgəadı Güney Azərbaycanda KURAqazi (aqazi bölgəsi) kimi ortaya çıxır; «o» işarəsi olmayan mixi yazıda bunu «oğuz yurdu» kimi oxumaq olar; Balıx çayadından balqar// bulqar (balıq-ər) etnoniminin yaranması bəllidir; Bu halda, oquz və bulqar adının da subarların doğuya köçü ilə bağlı olması mümkündür.
117) İ. M. Dyakonov bu adı Arijen kimi verir (Дьяконов, 1967, 114); Arjan, Ərcan adları da türk onomastikasında yayğındır.
118) Azər xalqı, 2000, 127.
119) Каргалов, 1974, 30.
120) Moravcik, 1983, II. 328.
121) Струве, 1984, 173.
122) «Çay adamı» anlamı prototürk dialektlərinin birində sub-ər (suvar), digərində balıqər (balqar//bulqar), bir başqasında çay-lı (qara-çaylı «quzey bulqarı») sözləri ilə yarana bilərdi. Belə isə, balqar//bulqar və sabar//subar deyimləri dialekt fərqi olmalıdır.







Yorum Gönder

0 Yorumlar